Fasiləsiz (24 saat) işləyən bərpa olunan enerji sistemləri artıq maya dəyərinə görə qalıq yanacaqlarla rəqabət aparır.
Renewables bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (International Renewable Energy Agency – IRENA) hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, batareya saxlama sistemləri ilə birləşdirilən günəş və külək enerjisi həm etibarlı, həm də iqtisadi cəhətdən sərfəli şəkildə fasiləsiz elektrik enerjisi təmin edə bilir. Yüksək günəş və külək potensialına malik regionlarda saxlama texnologiyaları ilə inteqrasiya olunmuş hibrid sistemlər kömür və qaz kimi qalıq yanacaqlardan daha aşağı xərclə fasiləsiz enerji istehsal edir.
Günəş enerjisi və batareya saxlama sistemlərinin birləşməsindən əldə olunan “sabitləşdirilmiş elektrik maya dəyəri” yüksək resurslu bölgələrdə hər meqavat-saat üçün 54–82 ABŞ dolları arasında dəyişir. Müqayisə üçün, Çində yeni kömür elektrik stansiyalarında bu göstərici 70–85 dollar, qlobal miqyasda yeni qaz layihələrində isə 100 dollardan yuxarıdır.
24/7 bərpa olunan enerji həlləri məhdud şəbəkə bağlantılarından daha səmərəli istifadə etməyə, elektrik istehsalını daha yüksək dəyərli saatlara yönəltməyə və qiymət dəyişkənliyi risklərini azaltmağa imkan verir. Bu sistemlər fasiləsiz enerji təchizatı tələb edən süni intellekt (AI) infrastrukturları və data mərkəzləri kimi yüksək enerji tələbatlı istehlakçılar üçün xüsusilə əlverişli hesab olunur.
Eyni zamanda, sabit bərpa olunan enerji həlləri çətin dekarbonizasiya olunan sənaye sahələri üçün təmiz yanacaq istehsalını da mümkün edir. Bu sektorlarda iqtisadi səmərəlilik yalnız xərclərdən deyil, həm də yüksək istismar səviyyəsinin təmin olunmasından asılıdır.
IRENA-nın təhlilinə görə, günəş panelləri, külək enerjisi və batareya texnologiyalarının qiymətlərinin sürətlə ucuzlaşması nəticəsində bu sistemlərin ümumi xərcləri son illərdə ciddi şəkildə azalıb. 2010-cu ildən bəri:
- Günəş PV sistemlərinin quraşdırma xərcləri 87 %,
- Quru külək enerjisi layihələrinin xərcləri 55 %,
- Batareya saxlama sistemlərinin qiymətləri isə 93 % azalıb.
Layihələrin tikinti müddətləri də qısalır. Hazırda əksər layihələr icazələr və şəbəkə bağlantısı əldə olunduqdan sonra 1–2 il ərzində tamamlanır ki, bu da bir çox bazarda yeni qaz elektrik stansiyalarından daha sürətlidir.
Texnologiyaların inkişafı, istehsal miqyasının genişlənməsi və təchizat zəncirinin inteqrasiyası nəticəsində günəş, külək və batareya texnologiyalarında əlavə xərc azalmalarının davam edəcəyi gözlənilir.
IRENA-nın müxtəlif ölkələr üzrə apardığı təhlil göstərir ki, günəş və batareya əsaslı sistemlərin sabit enerji maya dəyəri 2020-ci ildə meqavat-saat üçün 100 dollardan yuxarı olduğu halda, 2025-ci ildə yüksək günəş radiasiyalı regionlarda 54–82 dollar səviyyəsinə enib.
Birləşmiş Ərəb Əmirliklərindəki "Al Dhafra Solar PV" stansiyası artıq bunun praktik nümunəsi hesab olunur. Günəş fotovoltaik və batareya saxlama sistemlərini birləşdirən layihə təxminən meqavat-saat üçün 70 dollar maya dəyəri ilə 1 giqavat sabit təmiz enerji təmin edir.
