Nəvahi ərazisində 125 MVt gücündə batareya enerji saxlanc sisteminin tikintisinə başlanılıb.
Renewables.az xəbər verir ki, bunu "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev "Xalq qəzeti"ndə dərc olunmuş məqaləsində bildirib.
Məqalədə qeyd edilib ki, bu layihələr elektrik enerjisinə tələbatın yüksək olduğu saatlarda əlavə balanslaşdırma imkanları yaradır. Batareyalarda toplanan enerji ehtiyac yarandıqda şəbəkəyə verilə, istehsalın yüksək olduğu və istehlakın nisbətən aşağı düşdüyü dövrlərdə isə enerji saxlanc imkanlarından istifadə olunur. Belə yanaşma xüsusilə günəş və külək elektrik stansiyalarının istehsalında baş verən dəyişikliklərin idarə edilməsinə kömək edir.
Enerji saxlanc sistemlərinin digər mühüm üstünlüyü tezliyin tənzimlənməsinə və elektrik şəbəkəsinin sabitliyinin qorunmasına dəstək verməsidir. Elektrik enerjisi sistemində istehsal və istehlak arasında tarazlığın pozulması texniki problemlər yarada bildiyindən çevik reaksiya imkanları olan saxlanc sistemləri ümumi dayanıqlılığın artırılmasına xidmət edir.