Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin inkişaf mərhələsinə keçidi müzakirə olunub

AZƏRBAYCAN YAŞIL ENERJİ DƏHLİZİ

3 avqust 2026 16:49 (UTC+4)
image
Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti

Rumıniyanın Konstansa şəhərində Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin icraçısı olan “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin (GECO) Direktorlar Şurasının 6-cı iclası keçirilib.

Renewables.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

İclas zamanı layihənin texniki-iqtisadi əsaslandırma (Feasibility Study) mərhələsinin uğurla başa çatdırılması və Bakı şəhərində keçirilən 12-ci Nazirlər Görüşündə iştirakçı hökumətlər tərəfindən rəsmi təsdiqlənməsindən sonra layihənin İnkişaf Mərhələsinə (Development Phase) keçidi müzakirə olunub.

Görüşdə layihənin növbəti mərhələsi üzrə əsas prioritetlər, o cümlədən konseptual layihələndirmə, mühəndislik işləri və satınalma strategiyasının hazırlanmasını əhatə edən 2-ci iş istiqamətinin (Workstream 2) başlanması məsələləri nəzərdən keçirilib.

Bildirilib ki, layihənin İnkişaf Mərhələsi üçün alternativ icra ssenariləri hazırlanaraq səhmdarların müzakirəsinə təqdim ediləcək. Həmçinin beynəlxalq layihə icraçıları, texnologiya təchizatçıları və maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

İclasda layihənin ilk kabeli üzrə dəniz dibinin tədqiqi (seabed survey) üçün satınalma prosedurlarının hazırlanması, Avropa enerji infrastrukturunda strateji mövqeyini gücləndirmək məqsədilə PMI/PCI müraciət prosesində əldə olunan irəliləyişlər və şirkətin maliyyə göstəriciləri də müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR