AmCham icraçı direktoru: "Bərpaolunan enerji sahəsinə xarici investisiyalar ildən-ilə artacaq"
AZƏRBAYCAN
-
06.10.2021 15:32 (UTC+04:00)
Azərbaycanda "yaşıl" enerjinin dayanıqlı inkişaf proqramlarının hazırlanması bu sektora investisiyaların artımına xidmət edəcək.
"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı Ticarət Palatasının (AmCham) icraçı direktoru Gülnarə Aslanbəyli “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, "yaşıl" enerjinin imkanları dünya səviyyəsində tam tədqiq olunmayıb və bir çox investorlar risk etmək istəmir:
"Əminəm ki, "yaşıl" enerjinin inkişafı və bu sahədə sahibkarların dəstəklənməsi üzrə dövlət proqramlarının hazırlanması xarici investisiyaların artımına xidmət edəcək".
O əlavə edib ki, Azərbaycanın bu sahədə milli prioritetləri dəyişməz qalır: "Biz əminik ki, Azərbaycanın bərpaolunan enerji mənbələri sahəsinə xarici investisiyalar ildən-ilə artacaq".