İlham Əliyev: Qarşıdakı beş il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələri olacaq

26 sentyabr 2026, 17:47 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Foto: Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti

Azərbaycan bərpa olunan enerji sahəsində böyük potensiala malikdir.

Renewables.az Prezidentin Mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.

"Təkcə Xəzər dənizinin Azərbaycan sektorunda biz 157 giqavatlıq enerji potensialına malikik. Bundan əlavə, quruda Günəş və külək elektrik stansiyaları artıq fəaliyyətdədir. Beləliklə, bizim hədəfimiz elektrik enerjisi istehsal etmək üçün təbii qaz istehlakını minimuma endirmək və həmin ehtiyatdan ixrac məqsədilə istifadə etməkdir. Qarşıdakı beş il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələri olacaq", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, iki ildən də az müddət əvvəl Azərbaycan Özbəkistan və Qazaxıstanla Xəzər dənizinin dibi ilə keçəcək, Mərkəzi Asiyanı əvvəlcə Azərbaycanla, daha sonra isə Avropa ilə birləşdirəcək sualtı elektrik kabel xəttinin çəkilməsi ilə bağlı müqavilə imzalayıb: "Beləliklə, bütün bu işlər həm də böyük həcmdə maliyyələşmə deməkdir. Artıq texniki-iqtisadi əsaslandırmadan sonrakı mərhələdə olan digər mühüm layihə Qara dəniz kabelidir. Bu kabel də Azərbaycandan Gürcüstana, oradan isə Rumıniyaya uzanacaq. Söhbət yenə yüksəkgəlirli enerji bazarına çıxışı təmin edəcək 4 giqavat gücündə elektrik kabelindən gedir. Enerji saxlanc sistemləri də mühüm əhəmiyyət daşıyır. Bütün bunlar təkcə bizim üçün deyil, Azərbaycanın beynəlxalq miqyasda daha geniş iştirakının təmin edilməsi baxımından da zəruridir. Düşünürəm ki, infrastruktur sahəsində əsas diqqət məhz bu istiqamətlərə yönəldilə bilər".