Azərbaycan Texnologiya Universitetində günəş panelləri quraşdırılıb

8 sentyabr 2026, 14:59 (UTC+4)
ÖLKƏ GÜNƏŞ
EDITOR
image
© Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Texnologiya Universitetində (ATU) yaşıl texnologiyaların tətbiqi və bərpaolunan enerji mənbələrindən istifadəyə keçid istiqamətində ilk təşəbbüslərdən biri həyata keçirilir.

Renewables.az ATU-ya istinadən xəbər verir ki, layihə çərçivəsində universitetin inzibati binalarından birinin üzərində 76 ədəd günəş paneli quraşdırılıb. Hər bir panelin gücü 400 vatt, günəş enerji sisteminin ümumi gücü isə 30,4 kVt təşkil edir.

Günəş panellərinin quraşdırılması ATU-da enerji səmərəliliyinin artırılması, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və ekoloji dayanıqlılığın təmin olunması istiqamətində atılan mühüm ilk addımlardan biridir.

Layihənin reallaşdırılması nəticəsində universitetin enerji təminatında günəş enerjisindən istifadəyə imkan verən müasir infrastruktur formalaşdırılır. Bu, həm ənənəvi enerji mənbələrindən asılılığın azaldılmasına, həm də ətraf mühitə təsirin minimuma endirilməsinə xidmət edir.

Qeyd edək ki, Azərbaycanda ayrı-ayrı ali təhsil müəssisələrində günəş enerjisi sistemlərindən istifadə nümunələri mövcuddur. ATU-da isə 76 günəş panelindən ibarət, ümumi gücü 30,4 kVt olan sistemin quraşdırılması regionun ali təhsil müəssisələri arasında bu miqyasda ilk təşəbbüsdür. Universitetdə enerji səmərəliliyinin artırılması və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək.