Azərbaycan Vyetnam şirkəti ilə 200 MVt-lıq külək layihəsini müzakirə edib

9 sentyabr 2026, 11:58 (UTC+4)
ÖLKƏ GÜNƏŞ
EDITOR
image
Foto: Energetika Nazirliyi

Energetika naziri Pərviz Şahbazov Vyetnamın “ROX Energy Global” şirkətinin baş icraçı direktoru Pham Minh Tuan ilə görüşüb.

Renewables.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Görüşdə şirkətlə Azərbaycanda 200 MVt gücündə külək enerjisi layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Layihə üçün ərazilərin müəyyənləşdirilməsi, texniki-iqtisadi əsaslandırmanın hazırlanması və külək ölçmələrinin aparılması kimi tədbirlər nəzərdən keçirilib.

Həmçinin Naxçıvanda günəş enerjisi layihəsinin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Naxçıvanda bərpa olunan enerji layihələrinin inkişafı regionun “Yaşıl Enerji Zonası” konsepsiyasına və yaşıl enerji ixracı planlarına uyğun olaraq həyata keçirilir. Potensial günəş enerjisi layihəsi üçün ərazi imkanları, enerji sisteminə inteqrasiya və istehsal ediləcək elektrik enerjisinin reallaşdırılması məsələlərinə toxunulub. Bu xüsusda Naxçıvanın Azərbaycanın əsas enerji sistemi ilə əlaqələndirilməsi, həmçinin Naxçıvan-Türkiyə elektrik bağlantısının yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib. Naxçıvandan Türkiyə istiqamətində enerji ixracına imkan verəcək infrastrukturun inkişafının strateji əhəmiyyəti qeyd olunub.

Qeyd edək ki, 2025-ci il iyulun 16-da Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “ROX Group” SC arasında imzalanmış bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu batareya saxlama sistemləri, şəbəkədən kənar və şəbəkəyə qoşulan günəş enerjisi sistemləri, quruda və dənizdə külək enerjisi, hidrogen və ammonyak istehsalı sahəsində əməkdaşlığı nəzərdə tutur.

Renewables.az