İqtisadiyyatın şaxələndirilməsi ölkəmiz üçün birinci prioritetdir. Praktik baxımdan bu gün biz bərpaolunan enerji sahəsinə artan marağı görürük.
Bunları Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.
Prezident qeyd edib: "Artıq iki iri bərpaolunan enerji elektrik stansiyasını istismara vermişik və növbəti 6 il ərzində Günəş və külək enerjisi üzrə istehsal gücümüzü əhəmiyyətli dərəcədə artıracağıq. Başqa sözlə, 2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə 8 giqavat güc əldə etməyi gözləyirik. Günəş və külək potensialımız çoxdur və biz böyük imkanlar görürük. Biz artıq bir neçə layihə üzrə müqavilələr bağlamışıq və hazırda enerji toplanması qurğuları barədə düşünürük. İlk yer artıq müəyyən edilib. Biz ötürücü xətlərə investisiya qoyuluşunu gözləyirik, çünki məqsədimiz yaşıl enerjinin ixracıdır. Məlumat mərkəzlərinə gəldikdə isə hesab edirik ki, Azərbaycan sərmayədarlar üçün əsas mərkəzlərdən birinə çevrilə bilər. Birincisi, enerji ucuzdur. İkincisi, əlavə potensialımız var. Hətta bu gün istifadə etmədiyimiz və ötürmə imkanlarının məhdudluğu səbəbindən ixrac edə bilmədiyimiz 2 giqavat elektrik enerjimiz mövcuddur. Altı il ərzində bu göstərici 8 giqavata çatacaq və regionumuzda heç bir ölkə bu qədər əlavə gücə malik deyil. Əksər ölkələr idxaldan asılıdır. Bəziləri hətta enerji çatışmazlığı ilə üzləşir. Məhz buna görə də məlumat mərkəzləri üçün maksimum səmərəliliyin əldə oluna biləcəyi yer Azərbaycandır".
