Eyni vaxtda neft və qaza sahib olmaqla yanaşı, artıq qeyd etdiyim kimi, biz bərpaolunan enerjiyə böyük sərmayə yatırırıq və bu, bizim məsuliyyətimizin bir hissəsidir. Biz bərpaolunan enerjiyə ona görə sərmayə yatırmırıq ki, enerjiyə ehtiyacımız var, ona görə sərmayə yatırırıq ki, məsuliyyətli insanlarıq və ən azı ölkəmizi, regionumuzu yaşayış üçün daha uyğun bir yerə çevirmək istəyirik.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.
"Çirklənmə, karbon emissiyaları - bütün bunları biz gözlərimizlə görə bilmirik, lakin əfsuslar olsun ki, biz və uşaqlarımız bunu hiss edirik. Düşünürəm ki, qazıntı yanacağı ilə zəngin olan ölkələr bərpaolunan enerjiyə sərmayə yatıranda onlara hörmət və rəğbətlə yanaşılmalıdır", - Azərbaycan Prezidenti vurğulayıb.
