Bərpa olunan enerji mənbələri hesabına elektrikləşmənin sürətləndirilməsi 2035-ci ilə qədər qlobal enerji keçidinin əsas prioritetlərindən biri olmalıdır.
Renewables.az xəbər verir ki, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) açıqladığı “World Energy Transition Outlook 2026” hesabatında bildirilib.
Hesabata görə, enerji keçidinin sürətləndirilməsi üçün bərpa olunan enerji istehsalının artırılması ilə yanaşı, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji saxlama sistemlərinin genişləndirilməsi və enerji səmərəliliyinin yüksəldilməsi vacibdir.
IRENA-nın 1,5°C ssenarisinə əsasən, qlobal bərpa olunan enerji gücü hazırkı 5,2 teravattdan (TVt) 2050-ci ilə qədər təxminən 38,2 TVt-a çatdırılmalıdır. Elektrik enerjisinin yekun enerji istehlakındakı payının 2035-ci ildə 35%-ə, 2050-ci ildə isə 50%-dən yuxarıya yüksəlməsi, əsrin ortalarına doğru elektrik enerjisinin 80%-dən çoxunun günəş və külək mənbələrindən əldə edilməsi nəzərdə tutulur.
Hesabatda qeyd olunur ki, bu ssenarinin reallaşması 2050-ci ilə qədər qlobal iqtisadiyyata mövcud inkişaf ssenarisi ilə müqayisədə əlavə olaraq 46 trilyon ABŞ dolları qazanc gətirə bilər. Eyni zamanda, bərpa olunan enerji sektorunda məşğulluğun hazırkı 16 milyondan bir qədər çox səviyyədən beş dəfədən artıq artması, elektrik enerjisinin son istehlakçılar üçün qiymətlərinin isə 15% aşağı düşməsi mümkündür.
Bununla belə, enerji keçidinin həyata keçirilməsi üçün 2026–2050-ci illərdə illik investisiyaların ümumi həcminin təxminən 10,3 trilyon ABŞ dollarına çatdırılması tələb olunur. Vəsaitlərin əsasən bərpa olunan enerji istehsalına, elektrik şəbəkələrinə, enerji sistemlərinin çevikliyinə və son istehlakın elektrikləşdirilməsinə yönəldilməsi vacibdir.
IRENA-nın baş direktoru Françesko La Kamera bildirib ki, bərpa olunan enerji güclərinin rekord artımı təkbaşına kifayət etmir. Enerji səmərəliliyi, şəbəkə infrastrukturu və enerji saxlama sistemləri paralel şəkildə inkişaf etdirilməlidir.
Hesabat hökumətlər üçün enerji və bazar planlaşdırılmasının təkmilləşdirilməsi, elektrik şəbəkələrinin modernləşdirilməsi, investisiyaların artırılması, sosial və ekoloji siyasətlərin gücləndirilməsi, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi daxil olmaqla yeddi əsas fəaliyyət istiqaməti müəyyən edir.