Birləşmiş Ərəb Əmirliklərinin təmiz enerji sahəsində aparıcı şirkəti "Masdar" ("Abu Dhabi Future Energy Company") Qazaxıstanın Jambıl vilayətində inşa ediləcək 1 GVt gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimini keçirib.
Renewables.az şirkətə istinadən xəbə verir ki, layihə "Masdar"ın Qazaxıstandakı ilk bərpa olunan enerji layihəsi olmaqla yanaşı, Mərkəzi Asiyanın ən iri inteqrasiya olunmuş külək və enerji saxlama sistemlərindən biridir. Təxminən 1,4 milyard ABŞ dolları həcmində investisiyanı əhatə edən layihəyə 600 MVt-saat tutumlu batareya enerji saxlama sistemi (BESS) də daxildir ki, bu da elektrik şəbəkəsinin dayanıqlığını artırmağa xidmət edəcək.
Layihə "Masdar" tərəfindən həyata keçirilir və "W Solar", "Qazaq Green Power" ("Samruk-Kazyna Fondu"nun şirkəti) və "Kazakhstan Investment Development Fund" ilə birgə inkişaf etdirilir.
Layihə tam istismara verildikdən sonra Qazaxıstanın cənubunda təxminən 880 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcək. Bununla yanaşı, hər il təxminən 2,5 milyon ton karbon qazı emissiyasının qarşısının alınacağı gözlənilir. Layihə çərçivəsində həmçinin regionun elektrik infrastrukturunun gücləndirilməsi məqsədilə 400 kilometrdən çox yüksək gərginlikli hava ötürücü xətləri inşa olunacaq.
Bununla yanaşı, "Masdar" Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi ilə ölkənin ilk Round-the-Clock (RTC) – yəni günün 24 saatı fasiləsiz təmiz enerji təmin edəcək layihəsinin hazırlanmasına dair yol xəritəsi imzalayıb. Layihənin ilkin mərhələsində məlumat emalı mərkəzləri və süni intellekt infrastrukturu üçün 200 MVt baza gücünün təmin edilməsi nəzərdə tutulur.
"Masdar"ın məlumatına görə, bu təşəbbüs şirkətin 24/7 bərpa olunan enerji həlləri sahəsindəki fəaliyyətinin davamıdır. Şirkət 2025-ci ilin oktyabrında Əbu-Dabidə dünyanın ən böyük inteqrasiya olunmuş günəş enerjisi və batareya saxlama layihəsinin tikintisinə başlayıb. Həmin layihə 5,2 GVt gücündə günəş elektrik stansiyası və 19 GVt-saat tutumlu enerji saxlama sistemi vasitəsilə sutka ərzində fasiləsiz 1 GVt elektrik enerjisi təmin etməyi hədəfləyir.
Yeni layihələr "Masdar"ın 2030-cu ilədək qlobal enerji portfelini 100 GVt-a çatdırmaq məqsədinə töhfə verməklə yanaşı, şirkətin Mərkəzi Asiyadakı mövqeyini də gücləndirəcək.
Qeyd edək ki, Qazaxıstan 2030-cu ilədək elektrik istehsalında bərpa olunan enerji mənbələrinin payını 15 faizə, 2050-ci ilədək isə 50 faizə çatdırmağı hədəfləyir. Jambıl layihəsinin bu məqsədlərin reallaşdırılmasına, eləcə də ölkənin enerji təhlükəsizliyi və dayanıqlı iqtisadi inkişafına mühüm töhfə verəcəyi gözlənilir.
