"Toktoqul" SES-də generatorların dayanması Mərkəzi Asiyada elektrik kəsintisinə səbəb olub

14 avqust 2026, 21:58 (UTC+4)
REGİON
EDITOR
image
© Qırğız Respublikasının Energetika Nazirliyi | "Toktoqul" Su Elektrik Stansiyası

Qırğızıstandakı "Toktoqul" Su Elektrik Stansiyasında (SES) iki hidrogeneratorun işinin dayanması Qazaxıstanda və qonşu ölkələrdə elektrik kəsintisinə səbəb olub.

Renewables.az-ın məlumatına görə, bu barədə “Report” Qazaxıstan mediasına istinadən xəbər verib, məlumatı isə ölkənin Vahid Elektrik Enerjisi Sisteminin operatoru olan “KEGOC” SC-nin mətbuat xidməti yayıb.

Şirkətin məlumatına görə, avqustun 14-ü saat 14:37-də Toktoqul SES-də ümumi gücü 600 MVt olan iki hidrogeneratorun fəaliyyəti dayandırılıb. Bu, "Şimal - Şərq - Cənub" tranzit xəttinin həddindən artıq yüklənməsinə və Cənub zonasının Qazaxıstanın Vahid Elektrik Energetikası Sistemindən və Mərkəzi Asiyanın Birləşmiş Enerji Sistemindən (Qırğızıstan, Özbəkistan, Tacikistan) ayrılmasına səbəb olub.

Nəticədə Qazaxıstanda Almatı, Jambul, Türküstan, Qızılorda və Jetısu vilayətlərində istehlakçıların bir hissəsi elektrik enerjisiz qalıb. Kəsilmələr həmçinin Qaraqandı, Ulıtau və Abay vilayətlərinə də təsir edib.

Məlumata görə, yerli vaxtla saat 14:47-də "KEGOC" SC tərəfindən Qaraqandı, Ulıtau, Abay vilayətlərində, saat 16:26-da Almatı və Jetısu vilayətlərində, saat 16:34-də isə Jambul, Türküstan, Qızılorda vilayətlərində istehlakçıların enerji təchizatı tam bərpa edilib.

"Texnoloji pozuntunun səbəbləri xüsusi komissiya tərəfindən araşdırılacaq", - şirkətdən bildirilib.

OXŞAR XƏBƏRLƏR