2032-ci ildən “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin birinci mərhələsinin və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji bağlantısının istismara verilməsi gözlənilir.
Renewables.az-a Energetika Nazirliyindən verilən məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışında deyib.
Çıxışda yaşıl enerjinin beynəlxalq bazarlara çatdırılması istiqamətində ümumi gücü 3900 MVt olan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırmasının layihənin mümkünlüyünü təsdiqlədiyi bildirilib. Qeyd olunub ki, 2032-ci ildən bu dəhlizin birinci mərhələsinin və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji bağlantısının istismara verilməsi gözlənilir. Həmçinin Gürcüstan, Zəngəzur dəhlizi və Naxçıvan vasitəsilə Türkiyə və Avropa istiqamətində yeni yaşıl enerji dəhlizlərinin yaradılması üzrə işlər aparılır.