Türkiyənin 1 000 MVt gücündə ilk dənizüstü külək enerjisi layihəsinin 2030–2032-ci illərdə mərhələli şəkildə istismara verilməsi gözlənilir.
Renewables.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, bunu Türkiyə Külək Enerjisi Assosiasiyasının (TÜREB) prezidenti İbrahim Erden deyib.
O, layihənin 2027-ci ilin birinci rübündə hərraca çıxarılacağını, layihənin hazırlanması və həyata keçirilməsinin 4–6 il çəkə biləcəyini qeyd edib.
Erden qeyd edib ki, dənizüstü külək enerjisi layihəsi yalnız elektrik enerjisi istehsalına deyil, həm də Türkiyədə külək energetikası sənayesinin inkişafına, yeni investisiyaların cəlb edilməsinə və yerli istehsal imkanlarının genişləndirilməsinə töhfə verəcək.
Layihəyə təxminən 3 milyard dollar investisiya tələb oluna bilər. Müqayisə üçün, eyni gücə malik quruda yerləşən külək elektrik stansiyasının tikintisinin təxminən 1 milyard dollara başa gəldiyi bildirilir.
TÜREB rəhbərinin sözlərinə görə, Türkiyə 2035-ci ilə qədər hər il azı 1,5 QVt gücündə külək enerjisi layihələri üzrə YEKA hərraclarının elan edilməsini gözləyir.
Erden, həmçinin Türkiyənin COP31 iqlim sammitinə ev sahibliyi etməsinin ölkənin külək enerjisi potensialının, sənaye imkanlarının və investisiya perspektivlərinin beynəlxalq səviyyədə tanıdılması üçün əhəmiyyətli fürsət yaradacağını vurğulayıb. TÜREB və Qlobal Külək Enerjisi Şurasının (GWEC) sammit çərçivəsində birgə tədbirlər keçirməsi planlaşdırılır.