“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” regionda ən azı 8 GVt bərpaolunan enerji gücünün yaradılmasına şərait yaratmaqla 2040-cı ildən etibarən Avropaya ildə təxminən 20 milyard kVt-saat elektrik enerjisinin ötürülməsini təmin edə bilər.
Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.
Nazir məqalədə qeyd edib ki, Xəzər regionunun zəngin bərpaolunan enerji potensialını Avropa bazarlarına çıxarmağı hədəfləyən bu layihə Azərbaycanın regional elektrik enerjisi ticarətində rolunu genişləndirməklə yanaşı, Avropanın enerji təchizatının şaxələndirilməsinə və “yaşıl enerji” keçidinə töhfə verəcək. Dəhlizin texniki-iqtisadi əsaslandırmasının nəticələri də onun həyata keçirilməsinin iqtisadi baxımdan cəlbedici olduğunu təsdiqləyir. 2032-ci ildən mərhələli şəkildə istismara verilməsi planlaşdırılan dəhliz Azərbaycan və Gürcüstanı Qara dənizin dibi ilə Rumıniya, Macarıstan və digər Avropa enerji bazarları ilə birləşdirəcək. Təxminən 3 min kilometr uzunluğunda olacaq dəhlizin ötürmə gücünün mərhələli şəkildə 4 QVt-a çatdırılması nəzərdə tutulur. Layihə regionda ən azı 8 QVt bərpaolunan enerji gücünün yaradılmasına şərait yaratmaqla 2040-cı ildən etibarən Avropaya ildə təxminən 20 milyard kVt-saat elektrik enerjisinin ötürülməsini təmin edə bilər. Bununla yanaşı, karbon emissiyalarının ildə 3,6 milyon tonadək azaldılması gözlənilir.
Layihənin əhəmiyyətini artıran mühüm amillərdən biri onun Avropa İttifaqının enerji təhlükəsizliyi, təchizatın şaxələndirilməsi və “yaşıl keçid” prioritetləri ilə uzlaşmasıdır. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri zamanı bu istiqamətdə siyasi dəstək bir daha ifadə olunub, “Aİ-Azərbaycan Bağlantılar Tərəfdaşlığı” təşəbbüsü irəli sürülüb. Eyni zamanda “Qlobal Qapılar” investisiya proqramı çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantıların inkişafına 200 milyon avroyadək qrant ayrılması və bunun əsasında 2 milyard avroyadək dövlət və özəl investisiyanın səfərbər edilməsi potensialı açıqlanıb. Bu təşəbbüs regional infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün əlavə imkanlar açır.
“Yaşıl enerji” dəhlizinin Aİ-nin 2026-cı il üzrə Onillik Şəbəkə İnkişaf Planının (TYNDP 2026) layihəsinə daxil edilməsi də onun Avropanın gələcək enerji infrastrukturu ilə əlaqələndirilməsi baxımından mühüm addımdır. Hazırda layihəyə Aİ-nin Qarşılıqlı Maraq Doğuran Layihə (PMI) statusunun verilməsi üçün müraciət prosesi yekunlaşmaq üzrədir. Bu statusun əldə olunması layihənin Avropa enerji siyasətində mövqeyinin gücləndirilməsi və investisiya imkanlarının genişləndirilməsi baxımından vacibdir.
Dəhlizin coğrafiyasının genişləndirilməsi istiqamətində də işlər aparılır. Türkiyənin layihəyə qoşulması nəzərdən keçirilir. Türkiyənin iştirakı Xəzər regionundan Avropaya “yaşıl enerji” ixracı üçün əlavə marşrutların formalaşdırılmasına və regional elektrik sistemlərinin daha sıx əlaqələndirilməsinə imkan yarada bilər.
Hazırda layihə üzrə əsas diqqət texniki-iqtisadi əsaslandırmanın nəticələrinin konkret investisiya qərarlarına çevrilməsinə yönəlib. Yekun investisiya qərarının 2029-cu ildə qəbul edilməsi planlaşdırılır.