"Yaşıl Dəhliz Birliyi" Birgə Müəssisəsi və "Siemens Energy" arasında "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsi çərçivəsində elektrik enerjisinin ötürülməsi sistemlərinin inkişafı üzrə əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Renewables.az "Yaşıl Dəhliz Birliyi"nə istinadən xəbər verir ki, memorandum çərçivəsində mümkün məsləhətçilik modelləri də nəzərdən keçiriləcək.
Sənəd Almaniyanın Berlin şəhərində keçirilən Qazaxıstan–Almaniya Biznes Forumu çərçivəsində imzalanıb.
Yüksək səviyyəli tədbir Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Almaniyaya rəsmi səfəri çərçivəsində təşkil olunub və iki ölkə arasında iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi məqsədilə hökumət və biznes nümayəndələrini bir araya gətirib.
Xatırladaq ki, bu il keçirilən Bakı Enerji Həftəsi çərçivəsində "Yaşıl Dəhliz Birliyi" Birgə Müəssisəsi və "Siemens Energy" arasında Məxfilik Sazişi (NDA) imzalanıb.
Qeyd edək ki, qərargahı Bakıda yerləşən "Yaşıl Dəhliz Birliyi" Birgə Müəssisəsi "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in həyata keçirilməsi məqsədilə yaradılıb.