Azərbaycan UNECE Dayanıqlı Enerji Komitəsinin sessiyasında təmsil olunub

1 oktyabr 2026, 16:02 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Foto: Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Dayanıqlı Enerji Həftəsi 2026” çərçivəsində keçirilən tədbirlərdə iştirak edib.

Renewables.az-a bu barədə BOEMDA-dan məlumat verilib.

Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Rövşən Sadıqbəylinin dəstəyi ilə “Yaşıl Enerji Bağlantısı və Enerji Təhlükəsizliyi: Dayanıqlı inkişaf üçün əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda yüksək səviyyəli tədbirdə məruzəçi qismində çıxış edən Rəna Hümbətova Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında enerji əlaqələrinin gücləndirilməsi, sərhədlərarası elektrik şəbəkələrinin inteqrasiyası və yaşıl enerji dəhlizlərinin inkişafı məsələlərinə toxunub.

Tədbirdə Azərbaycanın regional yaşıl enerji bağlantısında rolu və həyata keçirdiyi strateji layihələr ətraflı diqqətə çatdırılıb. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında icra olunan Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın nəticələrinə görə layihənin reallaşdırılmasının mümkünlüyü bildirilib. Həmçinin Mərkəzi Asiyanın bərpa olunan enerji potensialının Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması üzrə Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizinin tədqiqatlarının CESI şirkəti tərəfindən davam etdirildiyi və növbəti ilin iyun ayınadək ilkin nəticələrin təqdim olunacağı qeyd edilib. Bununla yanaşı, Azərbaycan–Türkiyə elektrik bağlantısı və Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji dəhlizinin regional inteqrasiyadakı önəmi vurğulanıb, enerji saxlanc sistemlərinin və rəqəmsallaşmanın tətbiqi vacib amillər kimi göstərilib. Müzakirələrdə SOCAR Green, eləcə də Gürcüstan və Qazaxıstanın aidiyyəti qurumlarının nümayəndələri iştirak ediblər.

Eyni zamanda, UNECE Dayanıqlı Enerji Komitəsinin 35-ci sessiyasında “Enerji təhlükəsizliyi, əlçatanlıq və dayanıqlılığın gücləndirilməsi üzrə sistemli həllər” mövzusunda keçirilən panel müzakirəsində Rəna Hümbətova dekarbonizasiya prosesində hidrogenin rolu, tənzimləyici çərçivələr və texnoloji neytrallıq prinsipləri barədə məruzə ilə çıxış edib.

Çıxış zamanı hidrogenin ağır sənaye və kimya sektorlarında mühüm aşağı karbonlu enerji daşıyıcısı və xammal olduğu diqqətə çatdırılıb. Hidrogenin gələcək inkişafının yalnız istehsal xərclərindən deyil, “REPowerEU” çərçivəsində Avropa İttifaqının tənzimləyici və sertifikatlaşdırma standartlarından asılı olduğu bildirilib. Hidrogenin bərpa olunan elektrik enerjisi, nüvə enerjisi, CCUS texnologiyalı təbii qaz və ya piroliz kimi müxtəlif üsullarla istehsalı ölkələrə öz müqayisəli üstünlüklərindən istifadə imkanı verir. Yaxın gələcəkdə tələbatın mövcud sənaye ehtiyacları və IMO ilə ICAO çərçivəsində formalaşan dayanıqlı aviasiya yanacağı (SAF), e-metanol və azkarbonlu amonyak kimi hidrogen törəmələrinin istehsalı ilə bağlı olacağı vurğulanıb. Həmçinin qeyd olunub ki, əsas hədəf müəyyən bir texnologiyanı təşviq etmək deyil, emissiyaların ölçülə bilən şəkildə azaldılmasını dəstəkləyən şəffaf və etibarlı tənzimləmə mexanizmi formalaşdırmaqdır.