15 iyun Dünya Külək Günüdür. Bu gün ilk dəfə 2007-ci ildə "Avropa Külək Enerjisi Assosiasiyası" ("WindEurope") və "Qlobal Külək Enerjisi Birliyi" ("Global Wind Energy Council") tərəfindən keçirilib.
Renewables.az xatırladır ki, bu gün, külək enerjisinin gücü, onun ətraf mühitə və iqtisadiyyata faydaları, dünyanı dəyişdirmək üçün imkanları haqqında insanları məlumatlandırmaq üçün keçirilir.
Hazırda Avropada külək sənayesində 370 mindən çox işçi çalışır. Avropa İttifaqının gələcəkdə külək enerjisi sektorunda 200 mindən çox təlim keçmiş işçiyə ehtiyacı olacaq, buna görə də bu ilki günün diqqəti sənayedə çalışan insanlara yönəlib.
Külək enerjisindən istifadə qədim Misirə gedib çıxır. İlk müasir külək turbinləri təxminən 40 il əvvəl 120 metr hündürlüyündə və quruda yerləşdirilib. Bu gün ən hündür külək turbini dəniz dibinə bərkidilib və hündürlüyü 260 metrdir.
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) hesabatına görə, dünyada külək enerjisinin qoyuluş gücü 1 teravatı keçib. Külək enerjisinin qoyuluş gücünə görə, dünyada ilk beşlikdə Çin, ABŞ, Braziliya, Hindistan, Almaniya dayanır.
Azərbaycanda külək enerjisinin qoyuluş gücü 66,4 meqavatdır. Qoyuluş gücünə görə, Yeni Yaşma Külək Elektrik Parkı ən böyüyüdür - gücü 50 meqavatdır. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa edilən 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının istismara verilməsi ölkəmizdə külək enerjisi sektorunun inkişafına mühüm töhfə verəcək.
Eyni zamanda, Azərbaycan hökuməti xarici şirkətlərlə quruda və dənizdə külək enerjisi layihələrinin icrası ilə bağlı müqavilələr imzalayıb. Qeyd edək ki, Azərbaycanda quruda külək enerjisinin potensialı 3 giqavat, dənizdə külək enerjisinin texniki potensialı isə 157 giqavat təşkil edir.