Azərbaycan və "H2Global" Fondu arasında mümkün əməkdaşlıq imkanları müzakirə edilib

1 sentyabr 2026, 15:33 (UTC+4)
ÖLKƏ YAŞIL HİDROGEN
EDITOR
image
© Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi

Almaniyaya təşkil olunan səfər çərçivəsində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova, Maliyyə şöbəsinin müdiri Rəqsanə Paşayeva və Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdir müavini Fuad Həsənov və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (CECECO) layihə koordinatoru Nigar Şükürova ilə “H2Global” Fondunun həmtəsisçisi Timo Bollerhey arasında görüş keçirilib.

Renewables.az-a bu barədə BOEMDA-dan məlumat verilib.

Görüşdə təmiz hidrogen və digər aşağı karbonlu yanacaq bazarlarının inkişafını təşviq edən “H2Global” mexanizmi, onun fəaliyyət prinsipləri, beynəlxalq layihələrin maliyyələşdirilməsi və təmiz hidrogen məhsullarının istehsalçı ölkələrdən Avropa bazarlarına çatdırılması imkanları barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, “H2Global” mexanizmi təmiz hidrogen və onun törəmələri üzrə beynəlxalq bazarın formalaşdırılmasını dəstəkləyən innovativ mexanizmlərdən biridir. Mexanizm çərçivəsində “H2Global” Fondunun törəmə şirkəti olan “Hintco GmbH” tərəfindən istehsalçılardan uzunmüddətli müqavilələr əsasında təmiz hidrogen və onun törəmələri, o cümlədən yaşıl ammonyak, e-metanol və SAF alınır və qısamüddətli müqavilələr əsasında Avropa bazarlarında son istehlakçılara tədarük olunur. Tərəflər Azərbaycan layihələrinin gələcəkdə “H2Global” mexanizmi çərçivəsində keçiriləcək tenderlərdə iştirak imkanlarını, potensial layihələr üçün uyğunluq meyarlarını, eləcə də uzunmüddətli hidrogen alış müqavilələrinin layihələrin maliyyələşdirilməsinə və investisiya qərarlarının qəbul edilməsinə təsirini müzakirə ediblər.

Görüşdə, həmçinin, hidrogen layihələrinin beynəlxalq bazarlara çıxışı baxımından sertifikatlaşdırma və davamlılıq meyarları, eləcə də Avropa İttifaqının müvafiq normativ tələblərinin layihələrin ilkin mərhələlərindən nəzərə alınmasının əhəmiyyəti vurğulanıb. Tərəflər hidrogen bazarının inkişafı, bilik və təcrübə mübadiləsi, potensialın artırılması və institusional əməkdaşlıq istiqamətlərində mümkün əməkdaşlıq imkanlarını da müzakirə ediblər.

Görüş zamanı ölkədə təmiz hidrogen istehsalının inkişafı istiqamətində həyata keçirilən işlər, qanunvericilik və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsinə dair “Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış Sənədinin Tətbiqi Planı”nın hazırlanması çərçivəsində görülən işlər barədə məlumat verilib.

Görüş Azərbaycanın beynəlxalq təmiz hidrogen bazarlarında potensial iştirak imkanlarının öyrənilməsi, ölkənin gələcəkdə təmiz hidrogen və onun törəmələrinin potensial təchizatçısı kimi mövqeyinin gücləndirilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi baxımından əhəmiyyətli olub.