BOEMDA və "Uniper" arasında yaşıl enerji və aşağı karbonlu enerji məhsulları üzrə əməkdaşlıq imkanları müzakirə edilib

2 sentyabr 2026, 15:30 (UTC+4)
ÖLKƏ
EDITOR
image
© Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) Almaniya Federativ Respublikasına səfəri çərçivəsində Düsseldorf şəhərində UNIPER şirkətinin baş ofisində seminar təşkil edilib.

Renewables.az-a bu barədə BOEMDA-dan məlumat verilib.

Tədbir çərçivəsində UNIPER şirkətinin Hökumətlərlə əlaqələr üzrə Baş vitse Prezidenti Kavita Ahluvalia, Şərq regionunda təchizat və layihələrin istiqamətləndirilməsi üzrə Vitse-prezidenti Piter Arp, Avropa ölkələri üzrə Baş vitse-prezidenti Qordon Smit və Xəzər regionunda biznesin inkişafı üzrə baş menecer Turgut Bas və şirkətin digər yüksək səviyyəli nümayəndələri ilə görüşlər keçirilib.

Görüş zamanı Azərbaycan ilə Almaniya arasında 2026-cı il 21 iyul tarixində Berlində imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamədə iqtisadiyyat və ticarət üzrə həyata keçirilməsi nəzərdə tutulan “yaşıl” və aşağı karbonlu hidrogen, enerji səmərəliliyi, yaşıl dəhlizlər və infrastrukturun inkişafına üzrə əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Əlavə olaraq UNIPER şirkətinin Baş İcraçı Direktoru Mişel Levis yaradılmış Almaniya Azərbaycan Biznes Şurasının təmsilçisi olan Şərqi Avropa Biznes Assosiasiyasının idarə heyətinin üzvü olması qeyd edilmişdir. Bu xüsusda görüşlərdə yaşıl enerji istiqamətində potensial layihə istiqamətləri və gələcək planlar müzakirə edilmişdir.

Görüş çərçivəsində UNIPER tərəfindən hidrogenin istehsalı və saxlanması üzrə həyata keçirilən layihələr, o cümlədən tətbiq olunan texnologiyalar barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, dayanıqlı aviasiya yanacağı (SAF), e-metanol, e-metan və bioqaz üzrə qlobal bazarların inkişaf perspektivləri, sözügedən məhsulların Avropa İttifaqına idxalı imkanları, əlaqələri qanunvericilik bazasının tələbləri və aşağı karbonlu enerji məhsulları bazarının inkişaf tendensiyaları ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Görüş zamanı Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova tərəfindən Azərbaycanın bərpa olunan enerji potensialı, həyata keçirilən layihələr, “Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış Sənədi”nin Tətbiqi planının icrası ilə bağlı, həmçinin yaşıl enerji dəhlizləri istiqamətində görülən işlər barədə təqdimatla çıxış edilmişdir.

Avropada qaz enerji daşıyıcıları sektorunu təmsil edən Eurogas ilə keçirilən iclas zamanı Avropa İttifaqının enerji sahəsində tənzimləyici çərçivəsi, enerji idxalına tətbiq olunan qanunvericilik və tənzimləmə mexanizmləri, həmçinin Avropada tətbiqi planlaşdırılan metan emissiyalarının tənzimlənməsi qaydaları və onların Azərbaycandan Avropaya qaz ixrac edən şirkətlərə təsiri barədə ətraflı məlumat verilib.

Renewables.az