Euronews: Azərbaycan bərpa olunan enerji layihələri vasitəsilə beynəlxalq enerji portfelini genişləndirir

14 Oktyabr 2026, 09:33 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Foto: Euronews

Azərbaycan bərpa olunan enerji layihələri, beynəlxalq tərəfdaşlıqlar və yeni enerji infrastrukturu vasitəsilə beynəlxalq enerji portfelini genişləndirir.

Renewables.az Euronews-a istinadən xəbər verir ki, "SOCAR Green" şirkətinin baş direktoru Elmir Musayev "Business Horizons" proqramında şirkətin inkişaf mərhələsində olan bərpa olunan enerji layihələrinin ümumi gücünün 1,5 GVt-ı keçdiyini bildirib.

Məlumata görə, Azərbaycan enerji təhlükəsizliyinin gücləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə və regional enerji bazarlarının Avropa ilə əlaqələndirilməsinə yönəlmiş təşəbbüslər həyata keçirir. Bu çərçivədə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirakı ilə irəli sürülən Qara dəniz sualtı elektrik kabeli layihəsi Cənubi Qafqazdan Avropaya yaşıl enerjinin ötürülməsini nəzərdə tutur.

"Euronews"un reportajında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Fəqan Abdurəhmanov Qobustan Günəş Elektrik Stansiyasının iş prinsipi barədə məlumat verib. O, günəş panellərinin günəş radiasiyasını elektrik enerjisinə çevirdiyini, invertorlar vasitəsilə cərəyanın dəyişdirildiyini və transformatorlarda gərginlik artırıldıqdan sonra enerjinin milli elektrik şəbəkəsinə ötürüldüyünü izah edib.

Reportajda Azərbaycanın bərpa olunan enerji sahəsində beynəlxalq əməkdaşlığı, investisiyaları və yeni texnologiyaları genişləndirmək istiqamətindəki fəaliyyəti də diqqətə çatdırılıb.