Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti Azərbaycandan Avropaya "yaşıl enerji"nin ixracı layihələrində iştirak edəcək. Razılıq, "ACWA Power", "Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti" MMC (GECO) və "Yaşıl Dəhliz Birliyi" MMC-nin nümayəndələri arasında keçirilən onlayn müzakirələrdə əldə olunub.
Məlumata görə, tərəflər gələcək əməkdaşlıq üçün aydın və praktik yol xəritəsi hazırlamaq məqsədilə əlaqəni davam etdirmək və qarşıdakı aylarda birgə işləmək barədə razılığa gəliblər.
Qeyd edək ki, GECO “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi Sazişi”nin icrası məqsədilə dörd ölkənin təmsil olunduğu Birgə Müəssisədir. Qərargahı Bakıda yerləşən "Yaşıl Dəhliz Birliyi" MMC birgə müəssisəsi "Mərkəzi Asiya-Azərbaycan" Yaşıl Enerji Dəhlizi layihəsinin həyata keçirilməsi məqsədilə Qazaxıstan, Özbəkistan və Azərbaycanın şəbəkə operatorlarının iştirakı ilə yaradılıb.
