SPECA-nın tədbirində Azərbaycanın hidroenerji potensialının inkişafı diqqətə çatdırılıb

AZƏRBAYCAN
HİDRO

image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) və Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) birgə təşkilatçılığı ilə Türkmənistanın Aşqabad şəhərində keçirilən SPECA ölkələri üzrə Su, Enerji və Ətraf Mühit üzrə İşçi Qrupunun 28-ci sessiyasında iştirak edib.

Bu barədə BOEMDA-dan bildirilib.

Sessiyanın "Davamlı kiçik su elektrik stansiyaları" mövzusuna həsr olunmuş panelində onlayn çıxış edən Rəna Hümbətova Azərbaycanda hidroenerji sahəsində mövcud potensial, son illər ərzində həyata keçirilən layihələr və işğaldan azad edilmiş ərazilərdə yaradılan yaşıl enerji imkanları barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, ölkədə su elektrik stansiyalarının ümumi qoyuluş gücü 1 443,5 MVt təşkil edir və 2020-2024-cü illərdə hidroenerji istehsalı isə 2,8 dəfə artıb. İşğaldan azad edilmiş ərazilərdə “təmiz enerji” təminatının əsas mənbəyi olan su elektrik stansiyalarının ümumi gücü 500 MVt-a çatdırılması planına uyğun olaraq, indiyə qədər 307 MVt gücündə 38 stansiya istismara verilib. Qarabağ və Şərqi Zəngəzur regionları istismarda olan su elektrik stansiyaları hesabına ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı bölgəyə çevrildiyi vurğulanıb.

Direktor müavini tərəfindən həmçinin yeni su elektrik stansiyalarının tikintisi, ekoloji normalara uyğunluq və regional enerji əməkdaşlığının əhəmiyyəti diqqətə çatdırılıb.



OXŞAR XƏBƏRLƏR