Azərbaycanda xarici investorlarla “yaşıl enerji zonaları” üzrə əməkdaşlıq hansı mərhələdədir? - AÇIQLAMA

AZƏRBAYCAN
YAŞIL ENERJİ ZONASI

image

Azərbaycan Respublikasının Prezidentinin müvafiq tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, o cümlədən Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji zonası”na çevrilməsi istiqamətində işlər uğurla davam etdirilir. Belə ki, Qarabağ və Şərqi Zəngəzurun modern quruculuq prinsipləri, xalis sıfır emissiyalı “Yaşıl Enerji Zonası” Konsepsiyasına əsaslanan inkişafı bu gün artıq mühüm nəticələr verməkdədir.

Bunu Trend-ə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev deyib.

Qurum rəsmisi bildirib ki, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” hədəflərinə nail olunması ilə bağlı xarici ölkələrin enerji şirkətləri ilə uğurlu tərəfdaşlıq həyata keçirilməkdədir.

"Bunun nəticəsində Azərbaycan artıq genişmiqyaslı “yaşıl enerji” əməkdaşlıq ekosistemi formalaşdırmağa nail olub. Bu əməkdaşlıq çərçivəsində BP, “Nobel Energy”, Baltech, və s. kimi aparıcı beynəlxalq şirkətlər ilə önəmli addımlar atılıb. BP şirkəti tərəfindən Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasının inşası nəzərdə tutulur. Ötən ilin 12 noyabr tarixində COP29 tədbiri çərçivəsində sözügedən stansiyanın təməlqoyma mərasimi keçirilmişdir. Hazırda stansiyanın tikintisi istiqamətində işlər davam etdirilir".

C.Əliyev əlavə edib ki, bununla yanaşı, cari ilin 4 aprel tarixində Azərbaycan Respublikası Hökuməti və “Enerso Cəbrayıl” MMC arasında 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası layihəsi üzrə, həmçinin “Clean Energy Jabrayil” MMC ilə 50 MVt gücündə “Şəms” Günəş Elektrik Stansiyası layihəsi üzrə İnvestisiya müqavilələri imzalanıb. Hər iki stansiyanın yaxın zamanlarda təməlqoyma mərasiminin keçirilməsi planlaşdırılır.

O, həmçinin Naxçıvan Muxtar Respublikası üzrə həyata keçirilən işlər barədə də məlumat verib:

Naxçıvan Muxtar Respublikası üzrə həyata keçirilən işlərə gəldikdə isə, Naxçıvanın davamlı sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi “Yaşıl Enerji Zonası” Konsepsiyası və onun icrasını təmin edən Tədbirlər Planı hazırlanıb. Sözügedən Konsepsiya Naxçıvanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, enerji müstəqilliyinin və dayanıqlı inkişafın təmin olunmasını və karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasını hədəfləyir. Bu istiqamətdə Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Nobel Energy Limited” şirkəti arasında Naxçıvan şəhərində 30 MVt gücündə günəş elektrik stansiyasının qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi imzalanıb.

C.Əliyev vurğulayıb ki, sözügedən İcra Müqaviləsi çərçivəsində layihə ərazisinin bərpa olunan enerji mənbələri ərazisi kimi müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.



OXŞAR XƏBƏRLƏR