"EU4Energy" layihəsinin 2-ci mərhələsi çərçivəsində birgə tədbirlər keçirilib

AZƏRBAYCAN

image

Avropa İttifaqının "EU4Energy" layihəsinin 2-ci fazası çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) birgə təşkilatçılığı ilə  konfrans və ikigünlük media seminar keçirilib.

Şərq Tərəfdaşlığı ölkələrində təmiz enerji keçidinin təşviqi mövzusunda "EU4Energy" layihəsinin 2-ci mərhələsinin “Azərbaycanın energetika sektorunda əldə olunmuş nailiyyətlərin tanınması”na həsr olunmuş konfransı keçirilib. Ölkənin energetika sektorunun əsas maraqlı tərəflərini bir araya gətirən konfransda "EU4Energy" layihəsi çərçivəsində əldə edilmiş nailiyyətlər və öyrənilmiş təcrübələr ətrafında müzakirə aparılıb.

Avropa İttifaqının Azərbaycandakı səfiri Marijana Kujundzic deyib: "Aİ Azərbaycanda həyata keçirilən islahatların dəstəklənməsinə, dialoq, eləcə də daha təmiz, "yaşıl" və daha sıx əlaqəli enerji gələcəyinə ortaq öhdəlik yolu ilə enerji tərəfdaşlığımızın dərinləşdirilməsinə sadiqdir."

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin sədri Samir Axundov bildirib: "Avropa İttifaqı ilə tərəfdaşlığımız "yaşıl" enerjiyə keçidin sürətləndirilməsi və regional qarşılıqlı əlaqəliliyin gücləndirilməsinə dair ortaq öhdəliyimizə əsaslanır. Azərbaycan bazarları birləşdirən və dayanıqlı gələcəyi dəstəkləyən modern enerji sistemi yaradır."

Media seminarda iştirakçılara ictimaiyyətin məlumatlandırılmasında və enerji siyasətlərində şəffaflığın artırılmasında medianın rolu barədə geniş məlumat verilib. Yerli və beynəlxalq ekspertlər Azərbaycanda energetika sektorunun üzləşdiyi əsas çətinlikləri və bu çətinlikləri aradan qaldırmaq üçün nəzərdə tutulmuş tədbirlərlə bağlı təcrübələrini iştirakçılarla bölüşüb.

Enerjinin tənzimlənməsinin ən vacib aspektləri, o cümlədən enerji sektorunun strukturu, tariflərin müəyyən edilməsi, xidmət keyfiyyəti və enerji səmərəliliyi aspektləri araşdırılmaqla yanaşı, Aİ-nin qabaqcıl təcrübələri nəzərdən keçirilib.

Tədbirdə, həmçinin səmərəli ünsiyyətin təmini üçün enerji mütəxəssisləri, yüksək vəzifəli siyasətçilər və media arasında sıx əməkdaşlığın zəruriliyi vurğulanıb.

Qeyd edək ki, Konfrans Şərq Tərəfdaşlığı ölkələrində təmiz enerji keçidini təşviq edən və 18 noyabr 2025-ci il tarixinə qədər davam edən "EU4Energy" layihəsinin 2-ci mərhələsi çərçivəsində təşkil olunub. Proqramın məqsədi energetika sahəsində sağlam qanunvericilik və tənzimləmə mexanizmlərinin yaradılmasına töhfə vermək, regionun təmiz enerjiyə keçidini və enerji bazarlarının liberallaşmasını dəstəkləməkdir.

8,5 milyon avroluq ümumi büdcə ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "EU4Energy" təşəbbüsü Avropa Enerji Tənzimləyiciləri Şurası, Beynəlxalq Enerji Agentliyi (BEA) və Enerji İcması Katibliyi tərəfindən birgə həyata keçirilir.

Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR