Naxçıvanda günəş elektrik stansiyasının tikintisi üçün 688 hektar ərazi ayrılıb

AZƏRBAYCAN

image

Baş nazir Əli Əsədov Naxçıvan şəhərinin inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında yeni qərar imzalayıb.

Qərara əsasən Naxçıvanın inzibati ərazisində dövlət mülkiyyətinə aid 688 hektar torpaq sahəsi Qoyuluş gücü ilkin mərhələdə 50 MVt olan, sonrakı mərhələdə isə ixrac imkanlarından asılı olaraq genişləndiriləcək günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Energetika Nazirliyi bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri ölkə Prezidentinin 2 avqust 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası"nın tələblərinə uyğun olaraq həyata keçirməli, bu qərar qüvvəyə mindiyi tarixdən stansiyanın tikintisinə icazəni "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanunun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq almalıdır.

Naxçıvan Şəhər İcra Hakimiyyəti bu Qərarın 3-cü hissəsinə uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.



OXŞAR XƏBƏRLƏR