Çin şirkətləri ilə əməkdaşlıq

POWERCHINA

Çin Xalq Respublikasının "PowerChina" şirkətinin törəmə şirkəti "PowerChina Huadong Engineering Corporation Limited" şirkəti Səudiyyə Ərəbistanı Krallığının "Acwa" şirkəti tərəfindən həyata keçirilən 240 MVt gücündə "Xızı-Abşeron" KES layihəsində EPC (mühəndislik, satınalma və tikinti) üzrə podratçı şirkət olaraq turbinlərararsı yolların çəkilməsində və körpülərin salınmasında iştirak edib.


PowerChina Resources Limited

2024-cü il 18 noyabr tarixində Bakıda keçirilmiş COP29 iqlim tədbiri çərçivəsində Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının “PowerChina Resources Limited” şirkəti arasında “Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişaf etdirilməsi üzrə Anlaşma Memorandumu” imzalanıb. Memorandum sənaye miqyaslı günəş fotovoltaik layihələri, quruda/dənizdə külək elektrik stansiyaları, hidro akkumulyasiya sistemi (PHS) və akkumulyator enerji saxlama sistemləri (BESS), inteqrasiya olunmuş ağıllı enerji və yaşıl hidrogen istehsalı layihələri, yerli mütəxəssislərin hazırlanması, texnoloji biliklərin mübadiləsi üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, PHS və BESS infrastrukturunun inkişafı, maliyyələşdirilməsi, tikintisi və texniki xidməti sahələrinə xüsusi diqqət yetiriləcək.🛈

2024-cü il 20 noyabr tarixində Bakıda keçirilmiş COP29 iqlim konfransı çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi, China Southern Power Grid International (Hong Kong) Co.,Ltd və Powerchina Huadong Engineering Corporation Limited arasında enerji saxlanması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənəd nasoslu hidroakkumulyasiya sistemi (PHS), batareya enerji saxlama sistemi (BESS), yüksək gərginlikli birbaşa cərəyan ötürmə sistemi (HVDC) və digər alternativ enerji ötürmə, paylama, şəbəkə rəqəmsallaşdırma texnologiyaları kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur.🛈

2025-ci il 21 aprel tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi, "PowerChina Resources Limited" və "SOCAR Green" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 160 MVt gücündə günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi imzalanıb və 2025-ci ilin 22 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində mübadilə edilib.🛈


TBEA Co., Ltd

2024-cü il 18 noyabr tarixində Bakıda keçirilmiş COP29 iqlim konfransı çərçivəsində Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının “TBEA Co., Ltd” şirkəti arasında Anlaşma Memorandumu” imzalanıb. Memorandum bərpa olunan enerji avadanlıqları və texnologiyalarının istehsalı və tədarükü daxil olmaqla, müvafiq sahələrdə əməkdaşlığı əhatə edir. Sənədə əsasən, şirkətlə ultra-yüksək gərginlikli və çevik DC və AC məhsullarının təmin edilməsi, Azərbaycanda sənaye parkları və azad iqtisadi zonalarda yüksək texnologiyalı enerji şəbəkəsi avadanlıqlarının istehsalı, Məlumat Mərkəzinin yaradılması, bərpa olunan enerji və elektrik layihələrinə sərmayə qoyuluşu və maliyyələşdirilməsi, eləcə də bərpa olunan enerji və regional yaşıl enerji bağlantısı layihələrində iştirakı üzrə əməkdaşlıq ediləcək.🛈


China Energy Engineering Corporation Limited

2025-ci il 2 iyun tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində Energetika Nazirliyi və “China Energy Engineering Corporation Limited” şirkəti arasında enerji sahəsində hərtərəfli strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Saziş çərçivəsində 160 MVt gücündə Günəş Elektrik Stansiyası (GES) layihəsinin, dənizdə külək enerjisi layihəsinin icrası, həmçinin enerji planlaşdırılması və şəbəkə tədqiqatlarının həyata keçirilməsi, “yaşıl enerji”dən istifadənin inkişafı üzrə Tədqiqat Mərkəzinin yaradılması, bərpa olunan enerji sahəsində ixtisaslı kadrların hazırlanması üzrə əməkdaşlıq nəzərdə tutulur.🛈


China Energy Overseas Investment Co., Ltd  

(əvvəlki adı China Gezhouba Group Overseas Investment)

2023-cü il 1 iyun tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində Energetika Nazirliyi ilə “China Gezhouba Group Overseas Investment” şirkəti arasında Azərbaycanda 2 GVt gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.🛈 

2023-cü il 3 iyun tarixində SOCAR və “China Energy International Group Co. Ltd” şirkəti arasında bərpa olunan enerji sahəsində Əməkdaşlığa dair Saziş imzalanıb.🛈

2024-cü il 14 noyabr tarixində Bakıda keçirilmiş COP29 iqlim konfransı çərçivəsində Energetika Nazirliyi ilə “China Energy Overseas Investment Co. Ltd” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji sahəsində əməkdaşlıq üzrə Anlaşma Memondumu imzalanıb.🛈 Memoranduma əsasən, Xəzər dənizində külək potensialının araşdırılması, ölkəmizdə külək enerji avandanlıqlarının istehsalının təşkili və bərpa olunan enerji sahəsində elmi-tədqiqat mərkəzinin yaradılması nəzərdə tutulur.

2024-cü il 14 noyabr tarixində Bakıda keçirilmiş COP29 iqlim konfransı çərçivəsində Energetika Nazirliyi, “China Energy Overseas Investment Co. Ltd.” və “SOCAR Green” MMC arasında Füzuli rayonunda 160 MVt gücündə günəş enerjisi layihəsi üzrə İcra Müqaviləsi imzalanıb.🛈 Bu məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2024-cü il 15 noyabr tarixli 478 nömrəli Qərarı Füzuli rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 482 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.🛈

2025-ci il 22 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Energetika Nazirliyi ilə “China Energy Overseas Investment Co. Ltd.” şirkəti arasında Azərbaycanda dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Xəzər dənizində külək enerjisi potensialının qiymətləndirilməsi, bu sahədə layihələrin planlaşdırılması və inşası üzrə əməkdaşlıq ediləcək. Bu çərçivədə mərhələli əsasda minimum 2 GVt gücündə dənizdə külək elektrik stansiyasının qiymətləndirilməsi, inkişaf etdirilməsi, layihələndirilməsi, maliyyələşdirilməsi, mühəndisliyi, tikintisi, istismara verilməsi və texniki xidmət üzrə əməkdaşlıq nəzərdə tutulur.🛈


China Datang Corporation Ltd.

2024-cü il 14 noyabr tarixində Bakıda keçirilmiş COP29 iqlim tədbiri çərçivəsində Energetika Nazirliyi ilə “China Datang Co. Ltd” arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Memorandum şirkətlə bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu, texniki-iqtisadi əsaslandırmanın, müvafiq tədqiqatların aparılması, Azərbaycanda bərpa olunan enerji üzrə Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması imkanlarının araşdırılması istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.🛈


China Datang Overseas Investment Co. Ltd

2025-ci il 22 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Energetika Nazirliyi, “SOCAR Green” MMC, “China Datang Overseas Investment Co. Ltd” və “PowerChina Resources Limited” arasında Xəzər dənizinin Azərbaycan sektorunda 2 GVt gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində investisiya imkanlarının qiymətləndirilməsi və müvafiq texniki-hüquqi dəstək mexanizmlərinin qurulması üzrə əməkdaşlıq ediləcək.🛈

2025-ci il 26 iyun tarixində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə "China Datang Overseas Investment Co. Ltd" arasında yaşıl enerji dəhlizinin inkişafı üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycanın bərpa olunan enerji mənbələri hesabına yaradılan elektrik enerjisi istehsalı güclərinin elektrik şəbəkəsinə təhlükəsiz qoşulmasını təmin etmək və bu enerjinin etibarlı və sabit şəkildə ötürülməsini həyata keçirmək məqsədilə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, “China Datang Overseas Investment Co. Ltd” ilə şirkətin texniki imkanlarının və elektrik şəbəkəsinin inkişafı üzrə sistem tədqiqatlarının tətbiqi, eləcə də HVDC layihələrinin dizaynı, mühəndislik və tikinti idarəçiliyi sahəsində zəngin təcrübəyə malik Çin şirkətlərinin cəlb olunması üçün texniki və maliyyə dəstəyi sahəsində əməkdaşlıq ediləcək.🛈

2025-ci il 12 noyabr tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” MMC arasında “Azərbaycan Respublikasında 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsinin qiymətləndirilməsi, işlənilməsi və həyata keçirilməsinə dair İcra Müqaviləsi” imzalanıb. Müqavilə layihənin icrasına məsul şirkətin və Rəhbər Komitənin yaradılmasını nəzərdə tutur.


China Southern Power Grid International (Hong Kong) Co.,Ltd

2024-cü il 20 noyabr tarixində Bakıda keçirilmiş COP29 iqlim konfransı çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi, China Southern Power Grid International (Hong Kong) Co.,Ltd və Powerchina Huadong Engineering Corporation Limited arasında enerji saxlanması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənəd nasoslu hidroakkumulyasiya sistemi (PHS), batareya enerji saxlama sistemi (BESS), yüksək gərginlikli birbaşa cərəyan ötürmə sistemi (HVDC) və digər alternativ enerji ötürmə, paylama, şəbəkə rəqəmsallaşdırma texnologiyaları kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur.🛈


Energy China

Energy China Qrupuna daxil olan China Power Engineering Consulting Group-un North West Electric Power Design Institute Co., Ltd şirkəti Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən həyata keçirilən 445 MVt gücündə "Biləsuvar" və 315 MVt gücündə "Neftçala" günəş elektrik stansiyalarının tikinti-quraşdırma işlərində podratçı qismində iştirak edir.


Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd.

2025-ci il 9 sentyabr tarixində Baş nazirin müavini, Azərbaycan - Çin Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində Çendu şəhərində Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu ilə "Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd." şirkəti arasında Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı müəssisəsinin yaradılması üzrə İnvestisiya Sazişi imzalanıb. Sazişə əsasən, şirkət Ələt Azad İqtisadi Zonasında lazımi infrastruktur və kommunikasiyalarla təmin olunmuş 23 hektarlıq hazır sənaye torpaq sahəsində üç müasir istehsal müəssisəsi inşa edəcəkdir. Müəssisələrdə illik 3 GVt istehsal gücünə malik günəş panelləri, həmçinin silisium kristalları və komponentləri istehsal olunacaq. Bu müəssisədə istehsal ediləcək günəş panelləri eyni zamanda şirkət tərəfindən Ələt Azad İqtisadi Zonasında inşa olunacaq Günəş Elektrik Stansiyasının tikintisində də istifadə ediləcək. Məhsulların əksər hissəsi qlobal bazarlara ixrac ediləcək, bu isə Azərbaycanın bərpaolunan enerji istehsalı üzrə strateji mərkəz kimi mövqeyini daha da möhkəmləndirəcək.🛈