Qanunvericilik


  • Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında Qanun

Ölkədə bərpa olunan enerji sahəsinin inkişafı, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanunu qəbul edilib. Qanun elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”, Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 346 nömrəli Qərarı ilə təsdiq edilmiş "Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları", eyni tarixli 347 nömrəli Qərarı ilə təsdiq edilmiş "Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydası” və eyni tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş "Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi” “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə əsasən hazırlanıb.


  • Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası

Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlıq çərçivəsində “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi çərçivəsində hazırlanan "Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilib. 🛈  Qayda “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydasını, habelə istehsalçı ilə bağlanılan müqavilələrin xüsusiyyət və şərtlərini, eləcə də bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi zamanı zəmanətli tariflərin formalaşdırılması meyarlarını müəyyən edir. Qaydaya görə, istehsalçı həm birbaşa, həm də hərrac yolu ilə seçilə biləcək. Dövlətin maraqları və strateji əhəmiyyət baxımından zəruri olan pilot və digər layihələrdə seçim birbaşa cəlbetmə üsulu ilə olacaq.


  • Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları

Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında imzalanan Niyyət Məktubu çərçivəsində “Azərbaycanda kiçikmiqyaslı bərpa olunan enerji layihələri üçün təmiz ölçü sistemi üzrə normativ çərçivənin tətbiqinin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanan  “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 346 nömrəli Qərarı ilə təsdiq edilib. 🛈

Qaydalar kiçik güclü bərpa olunan enerji qurğuları vasitəsilə istehsal edilmiş elektrik enerjisinin istehlakdan artıq hissəsini əvəzləşdirmək məqsədilə elektrik təchizatı şəbəkəsinə ötürməyə, istehlak istehsaldan çox olduğu təqdirdə şəbəkədən elektrik enerjisi qəbul etməyə imkan verir. Elektrik enerjisini istehlak etməklə yanaşı, gücü 150 kVt-a qədər olan qurğular vasitəsilə yaşıl enerji istehsal edən hüquqi və ya fiziki şəxs aktiv istehlakçı hesab olunur. Aktiv istehlakçılar evlərində, müəssisələrində günəş panelləri, kiçik tipli külək turbinləri və ya digər bərpa olunan enerji əsaslı qurğular quraşdıraraq elektrik enerjisi istehsal və istehlak edə bilər. Onlar istehsal edilən elektrik enerjisinin artıq qalan hissəsini elektrik təchizatı şəbəkəsinə ötürə və ehtiyac yarandığı təqdirdə elektrik enerjisini şəbəkədən ala bilərlər. Aktiv istehlakçılar istehsal və istehlak edilən elektrik enerjisinin miqdarına görə enerji təchizatı müəssisəsi ilə əvəzləşmə və hesablaşma mexanizmindən istifadə edirlər. Ay ərzində aktiv istehlakçının şəbəkəyə ötürdüyü elektrik enerjisinin miqdarı şəbəkədən aldığından çox olarsa bu növbəti ayın hesabında nəzərə alınır və əvəzləşdirilir. Əvəzləşdirmə bir il ərzində davam edir və hesabat ilinin sonunda yekunlaşdırılır. Bu zaman aktiv istehlakçının balansı müsbət olduqda enerji təchizatı müəssisəsi qalıq elektrik enerjisinin dəyərini aktiv istehlakçının bank hesabına ödəyir. Ödəniş enerji təchizatı müəssisəsi tərəfindən bildiriş təqdim edildikdən sonra 1 ay müddətində cari hesabat dövrü üçün müvafiq topdansatış tarifi ilə həyata keçirilir. Əgər hesabat dövründə aktiv istehlakçının elektrik təchizatı şəbəkəsindən aldığı enerji şəbəkəyə ötürdüyü yaşıl enerjidən çox olarsa istehlak etdiyi ənənəvi elektrik enerjisinin dəyəri müvafiq pərakəndə satış tarifi ilə enerji təchizatı müəssisəsinə ödənilir. Hesabat ili dedikdə təqvim ilinin 1 yanvar tarixindən 31 dekabr tarixinədək olan dövr başa düşülür.


  • Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydası

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 347 nömrəli Qərarı ilə Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydası təsdiq edilib.🛈 Qayda bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi ilə bağlı münasibətləri tənzimləyir. Bərpa olunan enerji sertifikatı dedikdə şəbəkəyə ötürülən elektrik enerjisinin mənbəyini təsdiq edən sənəd başa düşülür. Energetika Nazirliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi tərəfindən yaradılmış sertifikat sistemi istehsalçıdan istehlakçıya ötürülmüş və istehlakçı tərəfindən istehlak edilmiş enerjinin bərpa olunan enerji mənbələrindən alınmasını müəyyən edir. İstehsalçıya verilməsi nəzərdə tutulan sertifikatda şəbəkəyə ötürülən elektrik enerjisinin mənbəyi, qurğunun gücü və istehsal olunmuş elektrik enerjisinin və qarşısı alınan karbon qazı tullantılarının miqdarı öz əksini tapır. İstehlakçı üçün nəzərdə tutulan sertifikat istehlakçı tərəfindən şəbəkədən bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin alındığını müəyyən edir. Sertifikat sisteminin tətbiqi bərpa olunan enerji mənbələrindən istifadəni stimullaşdırılmaqla, gələcəkdə elektrik enerjisi bazarının formalaşmasında mühüm rol oynayacaq.


  • Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 348 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi” bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin formalaşdırılmasının, aparılmasının, digər dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları ilə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə inteqrasiyasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.🛈 Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılmasında məqsəd bərpa olunan enerji sahəsində məlumatlandırma işinin təşkili, bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadə, Elektron Hökumət İnformasiya Sisteminin təkmilləşdirilməsi, Respublikada bərpa olunan enerji üzrə məlumatların bir mənbədə (atlasda) toplanmasıdır. Eyni zamanda sistemin tərkib hissəsi olan atlasa bərpa olunan enerji mənbələri potensiallı ərazilər daxil edilir ki, bu da müvafiq sahədə fəaliyyət göstərən investorlar üçün maraq kəsb edəcək. Bundan əlavə Azərbaycan Respublikasının hər bir vətəndaşı üçün bərpa olunan enerjiyə dair məlumatların açıq mənbədən əldə olunması sahənin inkişafına öz töhfəsini verəcək.


  • Keçidlər

“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanun

“Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”

Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları

Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydası

“Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”