COP29


İqlim hədəfləri

Azərbaycan Respublikası 2021-ci ilin noyabrında Qlazqoda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 26-cı Tərəflər Konfransı (COP26) çərçivəsində 1990-cı il baza səviyyəsi ilə müqayisədə istixana effekti yaradan qazların emissiyalarını 2050-ci ilədək 40 %-dək azaltmaq öhdəliyi götürüb. Bu hədəf 2023-cü ildə təqdim edilmiş Yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədində əks olunub və beynəlxalq maliyyə dəstəyi, texnologiyaların ötürülməsi və potensialın artırılması şərtləri ilə müəyyənləşdirilib. 2025-ci ildə təqdim edilmiş Yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC 3.0) sənədinə əsasən, emissiyaların 1990-cı il səviyyəsi ilə müqayisədə 40 % azaldılması hədəfinin müddəti 2050-ci ildən 2035-ci ilə dəyişdirilib.  Bu öhdəliyi yerinə yetirmək üçün 2030-cu ilə qədər ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücünün ən az 30 %-ə çatdırılması hədəflənir.

COP28 Konfransında 2030-cu ilə qədər dünyada bərpa olunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə ikiqat artırılması üzrə “Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinə dair Qlobal Vəd” birgə təşəbbüsünə Azərbaycan da qoşulub.

Enerji hadisələri

  • Pre-COP29 çərçivəsində “BƏƏ Konsensusunun enerji nəticələrinin izlənməsi” tədbiri🛈  və  Hesabatının təqdimatı🛈 keçirilib.

  • COP29 müddətində tədbir məkanı Bakı Olimpiya Stadionunun tələb olunan enerji ehtiyacının yaşıl enerji mənbələrindən qarşılanması məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti və “Azərenerji” ASC-nin “Yaşıl Enerji Elektrik Stansiyası” MMC arasında Anlaşma Memorandumu imzalanıb.🛈

  • COP29 çərçivəsində keçirilən Enerji Günündə bir sıra tədbirlər keçirilib:  Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumu🛈, COP29-un enerji təşəbbüsləri üzrə Nazirlər Görüşü, İƏT regionu üçün Təmiz Enerji Mərkəzinin təqdimatı, 2030-cu ilə qədər qlobal bərpa olunan enerji üzrə qoyuluş gücünün üç dəfə, enerji səmərəliliyinin isə iki dəfə artırılması məqsədilə investisiyaların genişləndirilməsinə dair yüksək səviyyəli Nazirlər Dialoqu🛈  “Aşağı Karbon Texnologiyalarının, o cümlədən Nüvə Enerjisinin Maliyyələşdirilməsi” tədbiri🛈 və s.
  • Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.🛈
  • Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” GES-in təməlqoyma mərasimi keçirilib və simvolik olaraq stansiyanın ilk günəş paneli imzalanıb.🛈 
  • Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) arasında Paris Sazişi kontekstində enerji planlaşdırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.🛈 

Enerji təşəbbüsləri

2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsidə Azərbaycan tərəfindən üç mühüm enerji təşəbbüsü – COP29 Qlobal Enerji Saxlama və Şəbəkələr Vədi, COP29 Yaşıl Enerji Vədi: Yaşıl Enerji Zonaları və Dəhlizləri və COP29 Hidrogen Bəyannaməsi təqdim edilib.

COP29 Qlobal Enerji Saxlama və Şəbəkələr Vədi 2030-cu ilə qədər qlobal enerji saxlama sistemlərinin 1 500 QVt gücünə çatdırılmasını və 25 milyon kilometr, 2040-cı ilə qədər isə əlavə 65 milyon kilometr elektrik şəbəkəsinin qurulması və ya təmiri öhdəliyini daşıyır. Bu təşəbbüsə 74 ölkə və 46 qeyri-dövlət təşkilatı dəstəyini ifadə edib.

COP29 Yaşıl Enerji Zonaları və Dəhlizləri Vədi çərçivəsində qitələrarası və regionlararası yaşıl enerji zonalarının yaradılması nəzərdə tutulur. Bu təşəbbüsə 64 ölkə və 8 qeyri-dövlət təşkilatı dəstəyini ifadə edib.

Hidrogen haqqında COP29 bəyannaməsi isə təmiz hidrogen istehsalının artırılması, mövcud hidrogen istehsalında karbon tullantılarının sıfıra endirilməsi istiqamətində qlobal səyləri gücləndirməyə çağırır. Bu təşəbbüsə 70 ölkə və 47 qeyri-dövlət təşkilatı dəstəyini ifadə edib.



Son yenilənmə: Oktyabr 2026