Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planında “Bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi” və işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması tapşırığının icrası üçün geotermal enerji sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və geotermal enerjidən istifadə sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi məqsədilə Dünya Bankının texniki dəstək layihəsi çərçivəsində Yeni Zelandiyanın "JRG Energy Consultants Limited" beynəlxalq məsləhətçi şirkəti cəlb edilib.
İlkin mərhələdə ölkə üzrə Böyük Qafqaz, Şamaxı-Qobustan, Kəlbəcər-Laçın, Masallı-Astara və Naxçıvan olmaqla 5 perspektivli ərazi müəyyən edilib və bu sahələr üzrə 3 istiqamətdə texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanıb. Azərbaycanın geotermal istilik potensialı 571,2 MVt, elektrik enerjisi potensialı isə 57,1 MVt qiymətləndirilir. Pilot layihələr çərçivəsində istismarı başa çatmış neft və qaz quyularından istifadə edilərək enerji istehsalı nəzərdə tutulur: Bibiheybətdə bu quyular vasitəsilə istilik enerjisi, Kürdəmirdə isə elektrik enerjisi əldə ediləcək, Masallıda isə hibrid texnoloji həllərlə istixanalar qızdırılacaq.🛈
Geotermal resursların qiymətləndirilməsi, hüquqi və maliyyə çərçivəsinin təhlili üzrə yekun texniki-iqtisadi hesabat Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə təqdim olunub. Hazırlanmış yekun hesabat sənədi rəy və təkliflərin verilməsi üçün Energetika Nazirliyinin müvafiq əmri ilə yaradılmış “Geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi” üzrə İşçi qrupunda təmsil olunan aidiyyəti dövlət qurumlarına təqdim edilib, daxil olan rəy və təkliflər əsasında sənədin yekun versiyası hazırlanıb. Sonrakı mərhələdə isə geotermal enerjidən birbaşa istifadə imkanlarının genişləndirilməsinə dair Yol Xəritəsi sənədi formalaşdırılıb.
2025-ci ilin 2 iyun tarixində keçirilən Bakı Enerji Həftəsi çərçivəsində Energetika Nazirliyinin təşkilatçılığı ilə “Enerji səmərəliliyinin təkmilləşdirilməsində kiçik güclü bərpa olunan enerji layihələrinin aparıcı rolu” adlı yan tədbir zamanı Dünya Bankının dəstəyi ilə cəlb edilmiş “JRG Energy” məsləhətçi şirkəti tərəfindən hazırlamış “Azərbaycanda geotermal enerjidən birbaşa istifadə imkanlarının genişləndirilməsinə dair Yol Xəritəsi” sənədinin təqdimatı baş tutub. “Azərbaycanda Geotermal Resurslardan Birbaşa İstifadə İmkanlarının Qiymətləndirilməsinə dair Hesabat” sənədi Energetika Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib.
2023-cü ildə Azərbaycan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) idarəçiliyi ilə fəaliyyət göstərən Qlobal Geotermal Alyansın (Global Geotermal Alliance) üzvü seçilib.🛈
Yenilənib: Oktyabr 2026