Yaşıl Enerji Dəhlizləri

Yaşıl enerji dəhlizləri ilə bağlı bütün xəbərlərə baxın

Xəzər-Qara dəniz-Avropa

Hüquqi çərçivə

  • 2022-ci ilin dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişə əsasən, Xəzər dənizində istehsal olunacaq yaşıl enerji “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi vasitəsilə Avropaya ixrac ediləcək.

  • 2023-cü ilin fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalanıb.

  • 2023-cü ilin iyulun 25-də Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın müvafiq nazirlikləri arasında Birgə Müəssisənin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

  • 2023-cü ilin noyabrın 21-də “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın müvafiq nazirlikləri arasında yaşıl enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
  • 2024-cü ilin yanvarın 8-də “Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan arasında Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması üçün İtaliyanın "CESİ S.P.A" məsləhətçi şirkəti ilə müqavilə imzalanıb.
  • 2024-cü ilin mayın 27-də Rumıniyanın paytaxtı Buxarest şəhərində “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Azərbaycanın “AzərEnerji” ASC, Gürcüstanın “Gürcüstan Dövlət Elektrik Sistemi”, Rumıniyanın “Transelectrica” və Macarıstanın “MVM” Qrupu arasında Birgə Müəssisənin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

  • 2024-cü ilin sentyabrın 3-də Azərbaycanın “AzərEnerji” ASC, Gürcüstanın “Gürcüstan Dövlət Elektrosistem”, Rumıniyanın “Transelectrica” və Macarıstanın MVM Qrupu arasında “Səhmdar Müqaviləsi” imzalanıb.🛈

  • 2024-cü ilin dekabrın 9-da “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə düzəliş Protokolu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərman imzalanıb.

Məlumat

Layihə üzrə katiblik funksiyasını Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi həyata keçirir.

2023-cü ildən başlayaraq cari dövrədək layihə üzrə Nazirlər/Rəhbər Komitənin 5-i Bakıda, 3-ü Gürcüstanın paytaxtı Tbilisidə, 2-i Rumıniyanın paytaxtı Buxarestdə, 2-i Macarıstanın paytaxtı Budapeştdə olmaqla ümumilikdə 12 iclası keçirilib.

2024-cü ilin mayın 15-də Tbilisidə keçirilən nazirlərin 7-ci iclasında layihə üzrə yaradılmış Birgə Müəssisənin mənzil-qərargahının Rumıniyanın Buxarest şəhərində yerləşəcəyi ilə bağlı razılıq əldə olunub. 2024-cü ilin 3 sentyabr tarixində Rumıniyanın paytaxtı Buxarest şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 8-ci Nazirlər-Rəhbər Komitənin iclası çərçivəsində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “GECO Green Energy Company” birgə müəssisəsi təsis edilmişdir.

Dörd ölkənin ötürmə sistem operatorlarının iştirakı ilə layihənin idarə edilməsini həyata keçirəcək “Green Energy Corridor Power Company” (“GECO Power Company”) təsis edilib.

GECO şirkəti tərəfindən cari il TYNDP (Ten-Year Network Development Plan) prosesinə müraciət edilmişdir. Müraciətin nəticəsi olaraq layihə Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) növbəti Onillik Şəbəkə İnkişaf Planı (TYNDP) çərçivəsində qiymətləndiriləcək elektrik enerjisi infrastrukturu layihələrinin ilkin siyahısına daxil edilmişdir. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin Faza 1 və Faza 2 layihələri TYNDP 2026 layihə portfelində yer alıb.

Layihənin texniki-iqtisadi əsaslandırması İtaliyanın “CESI S.p.A.” şirkəti tərəfindən hazırlanıb. 2026-cı ilin oktyabrın 22-də Bakıda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin investisiya və tərəfdaşlıq imkanlarına həsr olunmuş “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” Forumu keçirilib. Forumda layihənin texniki-iqtisadi əsaslandırmasının nəticələri ilk dəfə beynəlxalq investorlar, maliyyə institutları və biznes tərəfdaşlarına təqdim edilib. Forumun yekununda tərəfdaşlıq üzrə yol xəritəsinin hazırlanması, yaşıl enerji dəhlizi layihəsi üzrə yekun investisiya qərarının (FID) qəbul edilməsi ilə bağlı növbəti addımlar razılaşdırılıb.



Mərkəzi Asiya-Azərbaycan

Hüquqi çərçivə

  • 2024-cü il 1 may tarixində Özbəkistanda Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzalanıb.🛈
  • 2024-cü ilin 13 noyabr tarixində Bakıda keçirilmiş COP29 iqlim konfransı çərçivəsində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” üç ölkənin dövlət başçıları tərəfindən imzalanıb.🛈
  • 2024-cü il 13 noyabr tarixində Bakıda keçirilmiş COP29 iqlim konfransı çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Qazaxıstan Respublikasının Energetika Nazirliyi, Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi və Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq haqqında İcra Proqramı” imzalanıb.🛈
  • 2024-cü il 13 noyabr tarixində Bakıda keçirilmiş COP29 iqlim konfransı çərçivəsində “Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Səudiyyə Ərəbistanı Krallığının və Özbəkistan Respublikasının müvafiq şirkətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” (Qazaxıstan imzalamamışdır) imzalanıb. 

  • Layihənin həyata keçirilməsi məqsədilə 2024-cü ilin 27 dekabr tarixində “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistan Milli Elektrik Şəbəkəsi” SC arasında “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssisənin Bakı şəhərində yaradılmasını nəzərdə tutan “Təsis Müqaviləsi” imzalanıb.🛈 

  • 2025-ci ilin aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Qazaxıstan Respublikasının Energetika Nazirliyi, Özbəkistan Respublikasının Energetika Nazirliyi və Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında Anlaşma Memorandumu” imzalanıb.

  • 2026-cı ilin oktyabrın 9-da  Azərbaycan Respublikası Hökuməti (Azərbaycan Respublikası adından) ilə İnkişafın Maliyyələşdirilməsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin (MCDF) Maliyyə Mexanizminin İcraçı Tərəfdaşı qismində Asiya İnfrastruktur İnvestisiya Bankı arasında “Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinin hazırlanması” üzrə Qrant Sazişi imzalanıb.  Müqaviləyə əsasən, AIIB layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına 1 milyon ABŞ dolları ayırır.

Məlumat

Layihə üzrə yaradılmış “Yaşıl Dəhliz Birliyi” MMC 2025-ci ilin iyulun 2-də qeydiyyata alınıb.

2025-ci ilin noyabrın 18-də Birgə Müəssisənin Ümumi Yığıncağı (Board meeting) keçirilib və Tural Əliyev direktor təyin edilib.

Qırğızıstan tərəfi də layihəyə qoşulmaq niyyətini bildirib, bu da Azərbaycan tərəfindən dəstəklənib.

Layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması məqsədilə Asiya İnkişaf Bankı tərəfindən keçirilən beynəlxalq tenderin qalibi İtaliyanın “CESI S.p.A.” şirkəti olub.



Azərbaycan-Türkiyə-Avropa

Hüquqi çərçivə

  • “Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Məlumat

Layihə Naxçıvanda istehsal olunan elektrik enerjisinin iki ölkə arasında tikiləcək yüksək gərginlikli elektrik verilişi xətti ilə Türkiyəyə ötürülməsini ehtiva edir. Bu xüsusda 2025-ci ilin iyul ayında Türkiyəli investorlar tərəfindən Naxçıvanda 1000 MVt gücündə günəş elektrik stansiyasının yaradılması ilə əlaqədar layihə təklif olunmuşdur. Azərbaycan elektrik sisteminin Türkiyənin ötürmə sisteminə qoşulması Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən araşdırılır.

İlkin mərhələdə Naxçıvandan Türkiyəyə 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi planlaşdırılır. Bunun üçün 330 kV-luq “Cəbrayıl” yarımstansiyası tikilərək ölkənin enerji sisteminə qoşulub. Növbəti mərhələdə Naxçıvanda yeni 330 kV-luq yarımstansiyanın tikilməsi və onun Cəbrayılla 1000 MVt ötürmə qabiliyyətinə malik xətlərlə birləşdirilməsi nəzərdə tutulur. Artıq Cəbrayıl-Ağbənd xəttində işlər yekunlaşmaq üzrədir, Ermənistan sərhədindən Naxçıvana qədər olan hissədə tikinti davam edir. Naxçıvandakı yarımstansiyanın təməli də qoyulub. Son mərhələdə isə 400 kV-luq çevirici yarımstansiyanın və elektrik ötürücü xətlərin tikilməsi planlaşdırılır. Bu bağlantının TRIPP marşrutu vasitəsilə tamamlanması Xəzərin hər iki sahilində yerləşən türk dövlətlərinin enerji sistemlərini birləşdirən “Mərkəzi Asiya-Azərbaycan-Türkiyə” enerji körpüsünün formalaşmasını təmin edə bilər.



Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan

Hüquqi çərçivə

  • 2025-ci il 4 aprel tarixində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində layihə üzrə keçirilmiş 2-ci iclasda “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstan Respublikasının Energetika Nazirliyi arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Məlumat

Layihə üzrə 1-ci nazirlər iclası 2024-cü ilin noyabrın 22-də Türkiyənin İstanbul şəhərində, 2-ci iclas 2025-ci ilin aprelin 4-də Bakı şəhərində, 3-cü iclas isə 2026-cı ilin mayın 22-də İstanbul şəhərində keçirilib. İstanbul Təbii Sərvətlər Zirvəsi (INRES 2026) çərçivəsində keçirilmiş 3-cü iclas zamanı tərəflərin iştirakı ilə Birgə Müəssisənin yaradılması haqqında qərar qəbul edilib.

Rumıniya tərəfi sözügedən layihəyə qoşulmaq istəyini bildirib.



Yenilənib: Oktyabr 2026