Qarabağ və Şərqi Zəngəzur
Potensial
Qarabağ və Şərqi Zəngəzur ərazilərində bərpa olunan enerji mənbələri üzrə 10 GVt texniki potensial, 2,5 GVt iqtisadi potensial mövcuddur.
Konsepsiya və Tədbirlər Planı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası məqsədilə Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında müqavilə imzalanıb.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 may tarixli 2620 nömrəli Sərəncamına uyğun olaraq, Yaponiyanın “TEPSCO” şirkəti cəlb edilməklə “Yaşıl Enerji Zonası”nın yaradılması üzrə Konsepsiya hazırlanıb.
Konsepsiyadan irəli gələn məsələlərin həlli məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 357s nömrəli 21 iyun 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiq olunub. İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması məsələsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrin müzakirəsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 avqust 2022-ci il tarixli 459s nömrəli Sərəncamı ilə yaradılmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrup”un cari dövrədək 13 iclası keçirilib.
Hidroenerji
Bu ərazilərdə “Azərenerji” ASC tərəfindən 307 MVt gücündə 38 su elektrik stansiyası istismar olunur. Hazırda 48,5 MVt gücündə 11 stansiyanın tikintisi davam edir. Ölkənin enerjisistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionlarının elektrik enerjisi tələbatı 100 faiz yaşıl enerji hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerjisisteminə ötürülür.
2023-cü il 27 dekabr tarixində “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” Şirkətlər Qrupu və “Arges Enerji Team” MMC arasında Birgə İştirak Müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Həkəri və Tərtər çayları üzərində 5 kiçik su elektrik stansiyası istismara veriləcək. Ümumilikdə 13,8 MVt gücündə olan 5 layihənin ümumi dəyəri 25 milyon manatdır.
Layihə çərçivəsində Laçın rayonu ərazisindən keçən Zabux çayı üzərində I mərhələ üzrə “Malıbəy” - 5,1 MVt, II mərhələ üzrə “Qalaça 2” – 3,4 MVt, “Minkənd” – 1,8 MVt, “Qalaça 1” – 1,1 MVt gücündə, III mərhələ üzrə Kəlbəcər rayonu ərazisindən keçən Tərtər çayı üzərində gücü 2,4 MVt olan “Tərtər 1” kiçik su elektrik stansiyalarının tikintisi planlaşdırılır. 5 KSES ildə 39,7 milyon kVt-saat elektrik enerjisi istehsal edəcək. Malıbəy KSES isə 5,1 MVt gücünə malik olmaqla ildə 14,57 milyon kVt-saat elektrik enerjisi istehsal edəcək.
Günəş enerjisi və enerji səmərəliliyi
Azad edilmiş ərazilərdə 3 mindən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 9 MVt-dan artıq günəş panelləri, 8 500-dən çox LED işıqlandırma qurğusu quraşdırılıb və proses məskunlaşma planlarına uyğun davam etdirilir. İşıqlandırma sistemlərinin təxminən 3 500-ü günəş enerjisi ilə işləyən hibrid qurğulardır. Eyni zamanda, enerji səmərəli binalar, ağıllı idarəetmə sistemləri, günəş enerjisi ilə işləyən dayanacaqlar və elektrik nəqliyyatı üçün enerji doldurma infrastrukturu inkişaf etdirilir.
Külək enerjisi
2023-cü il 7 noyabr tarixində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “Baltech” arasında imzalanmış Anlaşma Memorandumu
2024-cü il 20 noyabr tarixində Bakıda keçirilmiş COP29 iqlim konfransı çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Clean Energy Invest” MMC və “Baltech Green” MMC arasında Kəlbəcər Külək Elektrik Stansiyasının inkişafına dair Anlaşma Memorandumu imzalanıb.
2025-ci ildə Qarabağ və Şərqi Zəngəzur ərazilərində istismar olunan 307 MVt gücündə 38 su elektrik stansiyasında 750 milyon kVts yaşıl enerji istehsal edilib. Bununla da 160 milyon kubmetr təbii qaza qənaət olunub, 280 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.
Potensial
Naxçıvan Muxtar Respublikasında bərpa olunan enerji mənbələrinin texniki potensialı 21-29 GVt, iqtisadi potensialı isə 5,8-6,9 GVt həcmində qiymətləndirilir.
Elektrik enerjisi istehsalı
2026-cı ilin 21 aprel-2 iyul tarixləri ərzində Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinə olan tələbat tam şəkildə bərpa olunan enerji mənbələri hesabına təmin edilib. Bu müddət ərzində su elektrik stansiyalarında 104,486 milyon kVt-saat, günəş elektrik stansiyalarında isə 13,888 milyon kVt-saat olmaqla, ümumilikdə 118,374 milyon kVt-saat elektrik enerjisi (bərpa olunan enerji) istehsal edilib.
Konsepsiya və Tədbirlər Planı
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində "Yaşıl Enerji Zonası"nın yaradılması üzrə "Boston Consulting Group International INC” (BCG) məsləhətçi şirkət tərəfindən Konsepsiya və Tədbirlər Planı hazırlanıb.🛈
Layihələr
2023-cü il 3 iyun tarixində, Bakı Enerji Forumunun Naxçıvan Muxtar Respublikasında keçirilən “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” xüsusi sessiyasında Energetika Nazirliyi ilə “Nobel Energy Management” şirkəti arasında Naxçıvan Muxtar Respublikasında 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 4 noyabr tarixli 330 nömrəli qərarı ilə Naxçıvan şəhərinin inzibati ərazisində dövlət mülkiyyətinə aid 688 hektar torpaq sahəsi qoyuluş gücü ilkin mərhələdə 50 MVt olan, sonrakı mərhələdə isə ixrac imkanlarından asılı olaraq genişləndiriləcək günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Hazırda bu ərazilərdə 25 MVt gücündə “Şəms 1” və 25 MVt gücündə “Qərbi Üfüq” GES layihələri icra olunur. (Ətraflı: Günəş enerjisi)
Batareya enerji saxlama sistemlərinin inkişafı
“Azərenerji” ASC ilə Türkiyənin "YEO Teknoloji Enerji ve Endüstri A.Ş." şirkəti arasında Naxçıvan Muxtar Respublikasında 40 MVt-saat gücündə batareya enerji saxlanc sisteminin quraşdırılması üzrə 9,54 milyon ABŞ dolları dəyərində “açar təhvil” müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, YEO enerji saxlanc sisteminin mühəndislik, satınalma, quraşdırma və istismara verilməsi işlərini, həmçinin əlaqədar şəbəkə işlərini və sistemin mövcud günəş elektrik stansiyasına inteqrasiyasını həyata keçirəcək.🛈
Son yenilənmə: Oktyabr 2026