Yaşıl Hidrogen

Yaşıl hidrogen ilə bağlı bütün xəbərlərə baxın

  • Aşağı karbonlu hidrogen iqtisadiyyatı bazar araşdırması

Azərbaycanda yaşıl və mavi hidrogen növlərinin istehsal imkanları, onların daxili bazarda istifadəsinin, eləcə də ixracının texniki imkanları və iqtisadi səmərəliliyinin qiymətləndirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə Avstraliyanın "Advisian" məsləhətçi şirkəti tərəfindən “Aşağı karbonlu hidrogen iqtisadiyyatı bazar araşdırması”na dair ölkə hesabatı hazırlanıb.

Bazar araşdırmasının nəticələrində yaşıl hidrogen istehsalının iqtisadi cəhətdən səmərəli olması, eləcə də regional enerji bazarlarına ixrac edilməsi və daxili istehlakda tətbiq sahələri təklif olunub. Hesabatda gələcək addımlar, daxili bazarda yaşıl hidrogenin istehlak edilə biləcəyi sahələr, hidrogen enerjisinin dəyəri (LCOH), ixrac marşrutları və digər məsələlər barədə məlumat verilib.


  • Azərbaycan Milli Hidrogen Strategiyasının və onun Tətbiqi Planının Hazırlanması

“Azərbaycan Milli Hidrogen Strategiyasının və onun Tətbiqi Planının Hazırlanması” layihəsi 2022-ci il dekabrın 12-də Energetika Nazirliyi ilə  Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında imzalanmış  “Azərbaycan Respublikasının elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu”  çərçivəsində həyata keçirilir. Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupu və EBRD tərəfindən cəlb edilmiş “DNV Energy Systems Germany GmbH” şirkəti tərəfindən sənədin hazırlanması istiqamətində icra qrafikininə uyğun olaraq işlər davam etdirilir. Hidrogen sektorunun inkişafı üzrə təklif olunan mərhələli yanaşmaya əsasən, ilkin mərhələdə ölkədaxili pilot layihələrin və kiçikmiqyaslı hidrogen klasterlərinin formalaşdırılması, növbəti mərhələdə kommersiya miqyaslı layihələrin icrası, daha sonrakı mərhələdə isə ixrac imkanlarına malik inkişaf etmiş hidrogen bazarının formalaşdırılması nəzərdə tutulur.🛈


  • Hidrogenin istehsalı ilə bağlı konseptual strateji sənəd layihəsinin hazırlanması üzrə İşçi qrupu

Dekarbonizasiya və enerji keçidinin təmin edilməsində hidrogenin vacib rolunu nəzərə alaraq ölkəmizdə aşağı karbonlu hidrogenin istehsalı sahəsində vahid yanaşmanı əks etdirən strateji sənədin hazırlanması məqsədilə 2024-cü ildə Energetika Nazirliyinin müvafiq əmri ilə “Hidrogenin istehsalı ilə bağlı konseptual strateji sənəd layihəsinin hazırlanması” üzrə İşçi qrupu yaradılıb.


  • Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi

2024-cü il 13 noyabr tarixində Bakıda keçirilən COP29 iqlim tədbiri çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) və Hidrogen Şurasının təşkilatçılığı ilə keçirilən “Təmiz hidrogen iqtisadiyyatının təmin edilməsi və yeni təchizat zəncirlərinin inkişafı” adlı tədbirdə aşağı karbonlu hidrogenin istehsalı sahəsində vahid yanaşmanı əks etdirən Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədinin təqdimatı baş tutub.🛈

2050-ci ilə qədər yaşıl hidrogenin istehsalı üzrə balanslaşdırılmış və sürətləndirilmiş ssenarilərə uyğun olaraq 9 GVt və 18 GVt həcmində bərpa olunan enerji qoyuluş gücü tələb olunur. 2060-cı ilə proqnozlaşdırılan ambisiyalı ssenaridə isə 30 GVt həcmində bərpa olunan enerji həcmlərinin quraşdırılması hədəflənir. Bu məqsədlə bərpa olunan enerji mənbələrinin quraşdırılmış gücü ilə bağlı hazırda araşdırmalar aparılmaqdadır. Bu hədəflərə nail olmaq üçün dənizdə külək enerjisindən istifadə ilə yanaşı, hibrid şəkildə quruda külək və günəş enerjisindən də istifadə olunması mümkündür. Azərbaycanda dənizdə külək enerjisinin iqtisadi potensialı 38 GVt-a qədər qiymətləndirilir ki, bu da Strateji Baxış sənədi ilə tam uyğunluq təşkil edir.



Yenilənib: Oktyabr 2026