Şəbəkə

Azərbaycanda Bərpa Olunan Enerji Mənbələrinin Genişləndirilməsi (AZURE) layihəsi 

Bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə Dünya Bankı tərəfindən maliyyələşdirilən "Azərbaycanda Bərpa Olunan Enerji Mənbələrinin Genişləndirilməsi Layihəsi" (AZURE) həyata keçirilir.

İcra müddəti 4 il olan layihənin əsas məqsədi "Azərenerji" ASC-nin enerji sistemin fəaliyyətinin yaxşılaşdırması və tikilməkdə olan bərpa olunan enerji mənbələrinin növbəti 5 il ərzində enerji ötürücü şəbəkəsinə təhlükəsiz inteqrasiyasına dəstək göstərməkdir. Layihə çərçivəsində Dünya Bankı tərəfindən Hacıqabul rayonunda 500/330 kV-luq Nəvahi yarımstansiyasının, ümumi uzunluğu 341 km olan 500 və 330 kV-luq 4 elektrik verilişi xəttinin tikintisi, yarımstansiya üçün transformator və əlaqəli avadanlıqların alınması maliyyələşdiriləcək.

2025-ci ilin 1 iyul tarixində “Azərenerji” ASC ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə Kredit Müqaviləsi” və “Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə Zəmanət Sazişi” imzalanıb.🛈 


Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə əməkdaşlıq

Hüquqi çərçivə

  • 2025-ci il 22 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) arasında “Bərpa olunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması”na dair Anlaşma Memorandumu imzalanıb. Memorandum 2028-ci ildən sonrakı dövr üzrə bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası ilə əlaqədar ötürücü şəbəkədə müvafiq araşdırmaların aparılmasını nəzərdə tutur. Araşdırmaların nəticələrinə əsasən, texniki və iqtisadi baxımdan səmərəli həllərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması planlaşdırılır. Birinci mərhələdə bərpa olunan enerji mənbələri üzrə tələbatın qiymətləndirilməsi, növbəti mərhələdə isə müəyyən edilmiş güclərin ötürücü şəbəkəyə inteqrasiyasının tədqiqi həyata keçiriləcəkdir.🛈
  • 2025-ci il 27 iyun tarixində Şanxay Əməkdaşlıq Təşkilatının energetika nazirlərinin iclası çərçivəsində Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) arasında “Azərbaycanın Elektrik Enerjisi Ötürmə Şəbəkəsinin Tədqiqatına dair Saziş” imzalanıb. Saziş Azərbaycanın 2030-cu il və sonrakı dövrlər üçün bərpa olunan enerji hədəflərinə uyğun olaraq ötürücü şəbəkənin inkişaf etdirilməsini və bu məqsədlə EPPEI institutu tərəfindən texniki məsləhət xidmətlərinin göstərilməsini nəzərdə tutur. Sənədə əsasən, EPPEI tərəfindən Azərbaycan elektrik enerjisi sisteminin mövcud vəziyyətinə uyğun model və simulyasiya işləri aparılacaq, şəbəkə tədqiqatı təhlil ediləcək, hədəf illər üçün enerji tələbatı proqnozlaşdırılacaq və genişmiqyaslı bərpa olunan enerji mənbələrinin inteqrasiyası üçün tövsiyələr hazırlanacaq.🛈  

Tədqiqat

2028-ci ildən sonrakı dövrdə elektrik şəbəkəsinin əlavə bərpa olunan enerji güclərini qəbul etmək imkanlarının qiymətləndirilməsi məqsədilə EPPEI ilə birgə tədqiqat aparılıb. Dəyişkən bərpa olunan enerji (VRE) və batareya enerji saxlama sistemlərinin (BESS) müxtəlif güc kombinasiyalarını əhatə edən ssenarilər üzrə hesablamalar həyata keçirilib. Bu tədqiqatlar növbəti mərhələdə elektrik şəbəkəsinə əhəmiyyətli həcmdə yaşıl enerji gücünün əlavə edilməsinin mümkünlüyünü təsdiqləməklə yanaşı, beynəlxalq enerji şirkətləri ilə imzalanmış müqavilələr üzrə layihələrin icrasını da sürətləndirməyə kömək edəcək. 


150 kVt-dan yuxarı gücü olan paylanmış bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası üzrə hüquqi, texniki və iqtisadi maneələrin təhlili və təkmilləşdirilməsi layihəsi

Energetika Nazirliyi tərəfindən “150 kVt-dan yuxarı gücü olan paylanmış bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası üzrə hüquqi, texniki və iqtisadi maneələrin təhlili və təkmilləşdirilməsi” layihəsinə start verilib. Layihəyə Dünya Bankının texniki dəstəyi ilə beynəlxalq ekspert cəlb edilib.🛈

2026-cı ilin oktyabrın 8-də layihə ilə bağlı yaradılmış İşçi Qrupun onlayn formatda ilk iclası keçirilib. İclasda normativ-hüquqi baza, şəbəkəyə qoşulma prosedurları və müddətləri, texniki standartlar, inzibati proseslər, elektrik enerjisinin satış mexanizmləri, vergi və maliyyələşdirmə məsələləri əsas təhlil istiqamətləri kimi müəyyən edilib. İşçi Qrupda Energetika Nazirliyi, “Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndələri təmsil olunur.🛈

Dünya Bankının texniki dəstəyi ilə layihəyə cəlb olunan beynəlxalq ekspert tərəfindən həyata keçiriləcək əsas (3) iş istiqamətləri təqdim olunub:

        1. Mövcud qanunvericilik və normativ-hüquqi aktların, eləcə də şəbəkəyə qoşulma qaydaları və müddətlərinin nəzərdən keçirilməsi, mövcud boşluqların müəyyən edilməsi və Avropa və MDB ölkələrinin qabaqcıl təcrübəsinin Azərbaycanın elektrik enerjisi bazarına uyğunlaşdırılması imkanlarının qiymətləndirilməsi;
        2. 150 kVt-dan yuxarı gücə malik layihələr üçün elektrik enerjisinin maya dəyəri (LCOE), layihələrin rentabelliyi, “net-metering” və “net-billing” mexanizmləri, elektrik enerjisinin satınalma müqavilələri (PPA), vergi və subsidiya mexanizmləri, həmçinin “Mənşə Sertifikatı” (Guarantees of Origin) sisteminin qiymətləndirilməsi;
        3. Aparılmış təhlillərin nəticələrinə əsasən konkret icra müddətlərini, məsul qurumları və zəruri qanunvericilik dəyişikliklərini özündə əks etdirən Yol Xəritəsinin və yekun hesabatın hazırlanması. 🛈



        Yenilənib: Oktyabr 2026