Hidroenerji

Hidroenerji ilə bağlı bütün xəbərlərə baxın

Hidroenerjidən istifadənin tarixi

Azərbaycanda hidroenergetikanın inkişafı 1953-cü ildə Mingəçevir Su Elektrik Stansiyasının (SES) istismara verilməsi ilə başlayıb. Sonrakı dövrdə Varvara, Araz, Tərtər və Şəmkir SES-lərinin istifadəyə verilməsi ölkənin su elektrik enerjisi istehsalı potensialının genişlənməsinə şərait yaradıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hidroenergetika infrastrukturunun inkişafı davam etdirilib. Bu dövrdə Yenikənd, Biləv, Füzuli, Taxtakörpü, Şəmkirçay və Arpaçay-1 SES-ləri istismara verilib. Yeni stansiyaların yaradılması elektrik enerjisi istehsalında su ehtiyatlarından istifadənin genişləndirilməsinə, enerji sisteminin gücləndirilməsinə və bərpa olunan enerji mənbələrinin inkişafına töhfə verib.


Azad edilmiş ərazilərdə hidroenerjidən istifadə

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumi gücü 307 MVt olan 38 su elektrik stansiyası istifadəyə verilib. 2025-ci ildə bu stansiyalardan 750 milyon kVts yaşıl enerji istehsal edilib, bunun hesabına 160 milyon m3 təbii qaza qənaət olunub və 280 min ton istixana qazı (CO2) emissiyasının qarşısı alınıb.

  • Laçın

Son 6 il ərzində “AzərEnerji” ASC tərəfindən Laçın rayonunda ümumi gücü 72,6 meqavat olan 11 su elektrik stansiyası tikilərək istismara verilib. Hazırda Şəlvə çayının Laçın rayonundan keçən hissəsində 4,59 meqavatlıq “Seyidlər”, 3,16 meqavatlıq “Bülövlü” və 2,93 meqavatlıq “Qoşasu” su elektrik stansiyalarının tikintisi davam etdirilir. Hazırda Laçın rayonunun 8-10 meqavatlıq elektrik tələbatı tam olaraq su elektrik stansiyalarında istehsal olunan “yaşıl enerji” hesabına qarşılanır. Tələbatdan artıq istehsal olunan elektrik enerjisi isə ölkənin vahid enerjisisteminə ötürülür.

  • Zəngilan

44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə inşa olunan ən böyük su elektrik stansiyaları silsiləsi Zəngilanda, Araz çayının sol qolu olan Oxçuçay üzərində yerləşir. Ölkə başçısının tapşırıqlarına uyğun olaraq "AzərEnerji" ASC tərəfindən kaskad üsulla inşa edilən silsiləyə, ümumi gücü 42 meqavat hər birinin gücü 10,5 meqavat olan Cahangirbəyli, Zəngilan, Şayıflı və Sarıqışlaq su elektrik stansiyaları daxildir. 

İstehsal olunan enerjinin təxminən 40 %-i işğaldan azad edilmiş ərazilərin elektrik enerjisinə olan tələbatının ödənilməsinə yönəldilir, qalan 60 %-i isə ölkənin ümumi enerji sisteminə ötürülür. Beləliklə, Zəngilanın su elektrik stansiyaları həm regionun enerji təminatına, həm də Azərbaycanın yaşıl enerji istehsalının artırılmasına mühüm töhfə verir.

Zəngilan rayonunda istismara verilmiş su elektrik stansiyalarında cari dövrədək (20.10.2026) 215 milyon kVts ekoloji cəhətdən təmiz "yaşıl enerji" istehsal olunub.

  • Ağdərə

Ağdərədə 14,7 meqavat gücündə “Qozlukörpü” Su Elektrik Stansiyası tikilib və 2026-cı ilin yanvar ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub.

Ağdərədə yerləşən 10,4 meqavat gücündə “Həsənriz” Su Elektrik Stansiyası müasir standartlara uyğun şəkildə yenidən qurulur.  Tərtərçayın Ağdərə rayonundan keçən hissəsində 8,2 meqavat gücündə “Çardaqlı-1” və 6,8 meqavat gücündə “Çardaqlı-2” su elektrik stansiyaları tikilir. 


“Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları

2016-cı ilin fevralın 23-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanıb.

2016-cı ilin iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Sərəncam imzalayıb.

Araz çayı üzərindəki “Xudafərin” Su Elektrik Stansiya-in ümumi gücü 200 MVt, “Qız Qalası” SES-in ümumi gücü isə 80 MVt-dır. Ümumilikdə hər iki su elektrik stansiyasının Azərbaycan tərəfinə düşən payı 140 MVt təşkil edir və stansiyalarda ildə toplam 716 milyon kVt·st (358 milyon kVt·st Azərbaycan tərəfinin payına düşür) elektrik enerjisinin istehsalı planlaşdırılır.



Son yenilənmə: Oktyabr 2026