Dənizdə külək

Külək enerjisi ilə bağlı bütün xəbərlərə baxın

Yol xəritəsi

2021-ci ilin aprelin 14-də Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı məqsədi ilə dənizdə külək enerjisi resursundan istifadə üzrə əməkdaşlığa dair Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Dünya Bankı Qrupunun üzvü Beynəlxalq Maliyyə Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Dünya Bankı Qrupunun təşəbbüsü olan “Enerji Sektorunun İdarəedilməsində Yardım Proqramı” – ESMAP tərəfindən maliyyələşdirilən Beynəlxalq Maliyyə Korporasiyasının “Dənizdə Külək Enerjisinin İnkişafı Proqramı” çərçivəsində beynəlxalq məsləhətçilərin iştirakı ilə “Dənizdə külək enerjisi üzrə Yol Xəritəsi” hazırlanıb və 2022-ci il iyunun 3-də "Bakı Enerji Həftəsi"ndə təqdim olunub.

İlkin təhlillərə əsasən, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində külək enerjisinin ümumi texniki potensialı 157 GVt (dayazsulu hövzələrdə 35 GVt və dərinsulu hövzələrdə 122 GVt) səviyyəsində qiymətləndirilmişdir. Yol Xəritəsi Azərbaycanda dekarbonizasiya və dayanıqlı inkişaf prioritetlərinə uyğun olaraq uzunmüddətli perspektivdə infrastrukturun inkişafı və investisiya cəlb edilməsilə 2040-cı ilə qədər dənizdə 7,2 GVt ümumi qoyuluş gücündə külək elektrik qurğularının quraşdırmaq potensialının olduğunu göstərir. Bununla belə, sənəddə aşağı artım ssenarisinə də baxılır ki, bu ssenari üzrə potensial 1,5 GVt həcmində qiymətləndirilir.


Müqavilələr

  • 2022-ci il 13 yanvar tarixində Bakıda keçirilən 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında dənizdə külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.
  • 2023-cü il 3 fevral tarixində Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında "Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair" İcra Müqaviləsi imzalanıb. 
  • 2022-ci il 15 mart tarixində Bakıda keçirilən 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında "Dənizdə inteqrasiya edilmiş bərpa olunan enerji sahəsində əməkdaşlığa dair" Anlaşma Memorandumu, həmin il 4 iyun tarixində "Bakı Enerji Həftəsi" çərçivəsində "Dənizdə 2 GVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı" İcra Müqaviləsi imzalanıb.
  • 2024-cü ilin noyabr ayında Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətləri arasında "Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 GVt külək elektrik enerjisi istehsalı üzrə əməkdaşlığa dair" Anlaşma Memorandumu imzalanıb.🛈 Bu məqsədlə "ACWA Power", "Masdar" və "SOCAR Green" şirkətləri "Caspian Breeze" Konsorsiumu yaradıb.

İlkin tədqiqat

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan “Dənizdə külək enerjisi potensialının araşdırılması və potensialdan istifadə istiqamətində hazırlıq tədbirlərinin həyata keçirilməsi” fəaliyyət istiqamətinə uyğun olaraq Xəzər dənizinin Azərbaycan sektorunda müəyyən olunmuş ərazilərdə ölçmələr aparılıb. Ölçü-müşahidə işlərinin aparılması üçün Finlandiyanın “Vaisala” şirkəti tərəfindən ölkəyə 2 ədəd LiDAR (Light Detection and Ranging) qurğusu gətirilərək müəyyən olunmuş ərazidə quraşdırılıb. Qurğu lazer şüalarından istifadə edərək 10 km məsafəyədək tələb olunan nöqtələrdə küləyin sürətini və istiqamətini müəyyən etmək üçün istifadə olunur. LiDAR qurğusu fərqli nöqtələrdə virtual ölçü-müşahidə dirəyi yaradaraq 75 m, 150 m və 225 m hündürlüklərdə küləyin sürətini ölçəcək.


İnkişaf

2025-ci il 28 noyabr tarixində Energetika Nazirliyi ilə “Azerbaijan Green Energy Company” MMC-nin törəmə müəssisəsi olan “Clean Energy Capital” MMC şirkəti arasında dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair İcra Müqaviləsi imzalanıb. İcra Müqaviləsi çərçivəsində ilkin mərhələdə 200 MVt olmaqla, ümumilikdə 600 MVt gücündə dənizdə külək enerjisi layihəsinin həyata keçirilməsi planlaşdırılır. İcra Müqaviləsinə uyğun olaraq İspaniyanın "EOLOS Floating Lidar Solutions" şirkəti cəlb edilərək Azərbaycan Respublikasına mənsub olan bölməsində FLS200 üzən LiDAR sistemi vasitəsilə genişmiqyaslı külək ölçmə kampaniyasına başlanılıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 31 iyul tarixli 251 nömrəli qərarı ilə dənizdə külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən ümumi sahəsi 711,4 kvadratkilometr təşkil edən su obyekti bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.


Azərbaycanda irimiqyaslı dənizdə külək elektrik stansiyasını dəstəkləyən sahil infrastrukturu üzrə layihə konsepsiyası

Azərbaycan Respublikası Hökuməti (Azərbaycan Respublikası adından) ilə İnkişafın Maliyyələşdirilməsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin (MCDF) Maliyyə Mexanizminin İcraçı Tərəfdaşı qismində Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) arasında  “Azərbaycanda irimiqyaslı dənizdə külək elektrik stansiyasını dəstəkləyən sahil infrastrukturu üzrə layihə konsepsiyası” üzrə Qrant Sazişi imzalanıb. Sənədi Azərbaycan Respublikası Hökuməti adından energetika naziri Pərviz Şahbazov, Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən isə AIIB-in dövlət sektoru (2-ci region), layihə və korporativ maliyyə (qlobal) müştəriləri üzrə baş investisiya direktoru Konstantin Limitovski imzalayıb.🛈

Qrant sazişi irimiqyaslı dəniz külək elektrik stansiyalarını dəstəkləyən sahil infrastrukturu üzrə layihənin konseptual tədqiqatının hazırlanmasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur.🛈 



Son yenilənmə: Oktyabr 2026