11-13 fevral tarixlərində Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) və Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) birgə təşkilatçılığı ilə Aşağı Emissiyaların Təhlili Platforması (LEAP) vasitəsilə uzunmüddətli enerji planlaşdırılması üzrə təlim keçirilib.
BOEMDA-nın məlumatına görə, təlim zamanı iştirakçılar real məlumatlar üzərində işləyərək müxtəlif inkişaf ssenarilərini müqayisə etmək, aşağı emissiyalı enerji keçidi imkanlarını qiymətləndirmək və uzunmüddətli enerji strategiyasının hazırlanması üzrə praktiki bacarıqlar əldə ediblər.
Təlim proqramı enerji planlaşdırılması üçün məlumat tələbləri və məlumatların toplanması üsullarını, LEAP alətinin funksional imkanlarını, ssenari və emissiya modelləşdirilməsi üzrə tematik mühazirə və praktiki məşğələlər çərçivəsində əsas fərziyyələrin müəyyən edilməsi, elektrik enerjisi istehsalı üzrə proqnozların verilməsi metodları, emissiya təhlili, investisiya ehtiyaclarının qiymətləndirilməsini əhatə edib.
Azərbaycan üçün SDG 7 Yol Xəritəsinin hazırlanması təşəbbüsü çərçivəsində keçirilən təlimdə Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC, SOCAR Green nümayəndələri iştirak ediblər.
