Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (Energy Regulators Regional Association - ERRA) aprelin 27-28-də Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən 23-cü illik konfransında və ümumi iclasında iştirak edib.
EMTA-dan Renewables-a verilən məlumata görə, builki tədbir həmçinin ERRA-nın 25 illik yubileyinə təsadüf etməsi baxımından əhəmiyyətlidir.
Konfransda 49 ölkədən 124 tənzimləyici qurum, şirkət və təşkilatı təmsil edən üzv ölkələrin enerji tənzimləyici qurumlarının rəhbərləri, investorlar, eləcə də aparıcı ekspertlər və tədqiqatçılar olmaqla 300 nümayəndə iştirak edib.
Konfransın əsas mövzusu enerji siyasətinin transformasiyası və tənzimləmə fəaliyyətinin adaptasiyası olub. Tədbir zamanı həm elektrik enerjisi, həm də qaz təchizatı üzrə mühüm məsələlər təhlil edilib.
Samir Axundov sözügedən konfrans çərçivəsində “Ötürücü və paylayıcı şəbəkələrinin transformasiyası” adlı sessiyaya rəhbərlik edib. Sessiya zamanı infrastruktura, o cümlədən transsərhəd layihələrə yatırımlar, ağıllı şəbəkələr və rəqəmsallaşma, elektrik enerjisi üzrə tariflər və təşviq mexanizmlərinin tənzimlənməsi kimi mövzular müzakirə olunub.
Konfrans çərçivəsində baş tutmuş, ümumilikdə, altı sessiya zamanı elektrik enerjisi istehsalının və saxlanmasının transformasiyası, Avropadakı geosiyasi vəziyyətin fonunda qaz sektorunun tənzimlənməsi, Mərkəzi Avropada qazın satışı və ötürülməsi məsələləri, nüvə energetikasının tənzimlənməsi, ötürücü və paylayıcı şəbəkələrin transformasiyası, pərakəndə təchizat və istehlakçılarla qarşılıqlı əlaqə, tənzimləyici fəaliyyətin liberallaşdırılması və idarəetmə məsələləri üzrə müzakirələr aparılıb.
Qeyd edək ki, ERRA 2000-ci il dekabrın 11-də Buxarestdə təsis olunub, 44 ölkəni təmsil edən 48 tənzimləyici qurumu özündə birləşdirərək enerji tənzimlənməsi sahəsində bilik və təcrübə mübadiləsi üçün platforma rolunu oynayır. EMTA fəaliyyətə başladığı ilk dövrdən bu beynəlxalq qurum ilə əməkdaşlıq əlaqələri qurub və 2018-ci ilin aprel ayında təşkilata assosiativ üzv qəbul olunub.
