Hazırda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında külək və Günəş enerjisi üzrə yeni layihələrin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi deyib.
O bildirib ki, enerji sahəsi, xüsusilə bərpaolunan enerji sektoru iki ölkə əməkdaşlığının ən dinamik istiqamətlərindən biridir. Bu çərçivədə BƏƏ-nin “Masdar” şirkəti Azərbaycanda ən iri layihələri həyata keçirən aparıcı tərəfdaş kimi çıxış edir.
“Bərpaolunan enerji sahəsinə gəldikdə, BƏƏ-nin “Masdar” şirkəti bu sahədə ən böyük şirkətlərdən biridir. Hazırda “Masdar” tərəfindən bir neçə iri layihə icra olunub və müvafiq müqavilələr imzalanıb. Layihələrdən bir neçəsi artıq təhvil verilib”, - deyə səfir diqqətə çatdırıb.
