Azərbaycanda bərpa olunan enerji layihələrinin ümumi gücünün 8 giqavata çatacağı proqnozlaşdırılır

AZƏRBAYCAN

image

Azərbaycanda 2033-cü ilə qədər bərpa olunan enerji layihələrinin ümumi gücünün 8 giqavata çatacağı proqnozlaşdırılır.

"Report"un xəbərinə görə, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası çərçivəsində keçirilən “Yaşıl Enerji Layihələri” üzrə plenar sessiyada bildirib.

"Vacib məqam odur ki, neft və qaz layihələri tarixən hasilatın pay bölgüsü sazişlərinə əsaslandığı halda, bərpa olunan enerji layihələri tamamilə Azərbaycanın milli qanunvericiliyi ilə tənzimlənir. Bu da investorların hüquqi və normativ bazamıza olan inamını əks etdirir.

2030-cu ilə qədər bərpa olunan enerji layihələrinin ümumi gücünün 6 giqavata, 2033-cü ilə gədər 8 qiqavata çatacağını proqnozlaşdırırıq. Bu genişlənmə təbii olaraq elektrik enerjisi profisiti yaradacaq ki, bu da hazırda inkişafın müxtəlif mərhələlərində olan dörd interkonnektor (birləşdirici xətt) vasitəsilə ixrac edilə bilər", - deyə o qeyd edib.

C.Abdullayevin sözlərinə görə, Azərbaycan günəş və külək enerjisi ilə paralel olaraq digər bərpa olunan resursları da araşdırır: "Hidrogen istehsalı ilə bağlı məsələlərə xüsusi diqqət yetiririk. Bir sözlə, Azərbaycanın bərpa olunan enerji strategiyası bizim davamlı inkişafa, enerji təhlükəsizliyinə və iqlim məsuliyyətinə sarsılmaz sadiqliyimizi əks etdirir. Biz zəngin milli potensialımızı iqtisadi artım, ekoloji idarəçilik və regional əməkdaşlıq üçün real imkanlara çeviririk".

Onun sözlərinə görə, Azərbaycanın bərpa olunan enerji potensialından istifadə üç mərhələli strateji yanaşma ilə həyata keçirilir: "Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirilməsi planlaşdırılan 11 layihə üzrə torpaq ayrılması məsələləri demək olar ki, həll olunub. Birinci mərhələ ilə 2027-ci ilə qədər ümumi gücü 2 giqavata qədər olan və milli şəbəkəyə tam inteqrasiya edilmiş günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Milli qanunvericiliyə uyğun olaraq, bu elektrik enerjisinin alıcısı ötürmə sistemi operatoru olacaq. Bu layihələr üçün proqnozlaşdırılan ümumi investisiya məbləği təxminən 2 milyard ABŞ dolları təşkil edir".

Direktor əlavə edib ki, bu mərhələ bərpa olunan enerjinin ümumi quraşdırılmış gücdəki payını 33,7 %-ə çatdıracaq, illik istehsal həcmi təxminən 5 milyard kilovat/saat olacaq: "Bu da 1,1 milyard kubmetrdən çox təbii qaza qənaət etməyə və karbon emissiyalarını 2,4 milyon ton azaltmağa imkan verəcək. Hazırda planlaşdırılan layihələr üzrə torpaq ayrılması məsələləri həll olunub. Müqavilələr imzalanıb və şəbəkənin gücləndirilməsi tədbirləri, o cümlədən 500 meqavat/saat saxlama həcminə malik 250 meqavatlıq enerji saxlama sistemi aktiv şəkildə həyata keçirilir".



OXŞAR XƏBƏRLƏR