Energetika Nazirliyində “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə Texniki Komitənin hibrid formatında növbəti iclası keçirilib.
Nazirliyin aparat rəhbərinin müavini – Texniki Komitənin sədri Xalidə Məsimovanın sədrliyi ilə keçirilən iclasda “Elektrik enerjisi saxlanc (EES) sistemləri I hissə: terminlər lüğəti (IEC62933-1)” beynəlxalq standartının milliləşdirilmiş layihəsi müzakirə edilib. Toplantıda “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ və Texniki Komitəyə üzv olan qurumların nümayəndələri iştirak ediblər.
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndəsi layihəni təqdim edərək onun Texniki Komitənin üzvləri tərəfindən təqdim olunan rəylər əsasında təkmilləşdirildiyini qeyd edib. Həmçinin iclas zamanı aidiyyəti qurumların layihə ilə bağlı təklifləri müzakirə edilib.
İclasda terminologiyanın milliləşdirilməsinin Azərbaycan elektroenergetika sahəsi üçün əhəmiyyəti vurğulanıb.
Sonda təklif edilən rəylər nəzərə alınmaqla layihənin təsdiq edilərək “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-yə təqdim edilməsinə dair qərar qəbul edilib.
