Azərbaycanlı şagirdlər kaktusa bənzər qanadsız külək turbini hazırlayıblar

AZƏRBAYCAN

image

Oğuz şəhər Emin Abdullayev adına Texniki-Təbiət təmayüllü Lisey 10-cu sinif şagirdləri Xədicə İbrahimova və Zəhra Məmmədzadə kaktusa bənzər, titrəyiş əsaslı enerji yığan və ağıllı monitorinq sistemli bıçaqsız külək turbini hazırlayıblar.

“Azərbaycan müəllimi” qəzetinin xəbərinə görə, şagirdlər müəllifi olduğu “Kaktusdan ilhamlanmış ribli mast quruluşlu, titrəyiş əsaslı hibrid enerji yığan və ağıllı monitoring sistemli bıçaqsız külək turbini” layihəsinə görə “Sabahın Alimləri” XV Layihə Müsabiqəsində gümüş medal qazanıblar. Müsabiqəyə təqdim edilən layihənin əsas məqsədi külək enerjisindən daha təhlükəsiz və səmərəli şəkildə istifadə etməyə imkan verən alternativ enerji sistemi təqdim etməkdir.

“Layihə kaktusun təbiətdəki quruluşundan ilhamlanaraq hazırlanıb. Turbinin xüsusi ribli quruluşu küləyin təsiri ilə titrəyiş yaradır və bu titrəyişlər vasitəsilə enerji toplanır. Beləliklə, ənənəvi bıçaqlı külək turbinlərindən fərqli olaraq daha təhlükəsiz və innovativ enerji əldə etmə üsulu təklif olunur”, – Xədicə İbrahimova bildirib.

O əlavə edib ki, layihədə ağıllı monitorinq sistemi də nəzərdə tutulub. Bu sistem vasitəsilə turbinin fəaliyyəti izlənilir, məlumatlar toplanır və enerjinin səmərəli idarə olunması təmin edilir. Layihə üzərində işləyərkən müxtəlif elmi mənbələrdən istifadə edərək araşdırmalar aparılıb, əldə olunan nəticələr analiz edilərək layihə formasında təqdim olunub.



OXŞAR XƏBƏRLƏR