Azərbaycanda AZURE layihəsinin bir hissəsi olan yeni hava elektrik ötürmə xəttinin tikintisinə 2026-cı ilin ikinci rübündə başlanılması və 2027-ci ilin dördüncü rübünə qədər başa çatdırılması planlaşdırılır. Bu barədə layihə üzrə Köçürülmə haqda Fəaliyyət Planında (RAP) məlumat verilib.
Qeyd olunan plan Azərbaycanda bərpa olunan enerji mənbələrinin genişləndirilməsi layihəsi (AZURE) çərçivəsində, konkret olaraq 1.2-ci alt-komponent üzrə hazırlanıb. Sözügedən alt-komponent Azərbaycan İES yarımstansiyasından Nəvai yarımstansiyasına qədər uzunluğu 235 km olan, gərginliyi 500 kV-luq yeni təkzəncirli hava elektrik ötürmə xəttinin tikintisini nəzərdə tutur. Layihə Dünya Bankının dəstəyi ilə maliyyələşdirilir.
Layihəyə aşağıdakılar daxildir:
- Nəvai” yeni yarımstansiyasının tikintisi;
Yeni elektrik ötürmə xətlərinin tikintisi, o cümlədən:
- “Ələt AİZ (AFEZ) — Nəvai” — 22 km
- “Abşeron KES — Nəvai” — 65 km
- “Abşeron KES — Qobu ES” — 19 km (ümumi uzunluğu 106 km olan 3 xətt)
Dünya Bankı aşağıdakı komponentləri maliyyələşdirəcək:
Komponent 1: Abşeron–Qaradağ külək elektrik stansiyasının şəbəkəyə qoşulması və elektrik ötürmə şəbəkəsinin genişləndirilməsi (BYİB xətti üzrə 168,4 milyon ABŞ dolları, o cümlədən gözlənilməz xərclər üçün 18,6 milyon dollar ), iki alt-komponent daxil olmaqla:
Alt-komponent 1.1: Abşeron–Qaradağ KES-in qoşulması və 330 kV şəbəkəsinin genişləndirilməsi (33,8 milyon dollar);
Alt-komponent 1.2: 500 kV şəbəkəsinin genişləndirilməsi (134,6 milyon dollar).
Hazırkı Köçürülmə haqqında Fəaliyyət Planı “Azərbaycan İES — Nəvai” (235 km, 500 kV) xətti üçün hazırlanıb. Layihə tərəfindən dəstəklənən digər xətlər üzrə ayrıca plan hazırlanacaq.
Xəttin marşrutu Azərbaycanın mərkəzi və şərq hissələrində yerləşən səkkiz rayondan - Ağdaş, Ağsu, Göyçay, Hacıqabul, İsmayıllı, Mingəçevir, Şamaxı və Yevlaxdan keçəcək. Marşrut 64 yaşayış məntəqəsini və 44 qeyri-yaşayış ərazisini (örüş sahələri), ümumilikdə 110 məkanı əhatə edir. Xətt əsasən düzən kənd təsərrüfatı ərazilərindən keçəcək.
Səkkiz rayon üzrə servitut sahəsinin ümumi ölçüsü təxminən 8,13 milyon kvadratmetr təşkil edir. Bunun 51%-i özəl torpaqlara, 40%-i dövlət torpaqlarına, 9%-i isə bələdiyyə torpaqlarına aiddir.
Layihə 1 114 özəl torpaq sahibini, 22 rəsmi icarəçini və torpaq sahələri və ya aktivləri dayaq nöqtələrinin yerləşdiyi əraziyə və ya daimi servitut dəhlizinə düşən 11 biznes obyektini əhatə edəcək. Eyni zamanda, hüquqi statusundan asılı olmayaraq, ESS5 standartına uyğun kompensasiya hüququna malik olan dövlət və bələdiyyə torpaqlarından qeyri-formal istifadəçilər də müəyyən edilib.
Layihə fiziki köçürülməni tam istisna edir: yaşayış binaları layihənin icra zonasına düşmür və əhalinin köçürülməsi tələb olunmur. Təsir yalnız iqtisadi xarakter daşıyacaq — torpaq istifadəsinə məhdudiyyətlər, tikinti dövründə müvəqqəti giriş itkiləri, həmçinin kənd təsərrüfatı bitkilərinin, ağacların və bəzi hallarda qeyri-yaşayış tikililərinin itirilməsi ilə məhdudlaşacaq.
