Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova Türkiyənin İstanbul şəhərində Böyük Britaniya və Şimali İrlandiya Krallığı hökuməti tərəfindən keçirilən “Dayanıqlılıq və Maliyyə Forumu”nun “Dayanıqlı maliyyə və enerji sahəsində regional trendlər və inkişaflar” mövzusundakı panel sessiyasında çıxış edib.
BOEMDA-nın məlumatına görə, Rəna Hümbətova çıxışında Azərbaycanın bərpa olunan enerji sektoruna keçid prosesində qarşılaşdığı əsas çağırışlardan danışıb. O bildirib ki, 2021-ci ildə qəbul edilmiş qanundan sonra sektorun inkişafı sürətlənib və 2027-ci ilə qədər təxminən 2 GVt yeni bərpa olunan enerji gücünün milli şəbəkəyə inteqrasiyası gözlənilir. Bununla belə, şəbəkə gücünün artırılması, enerji saxlama sistemlərinin qurulması və dəyişkən bərpa olunan enerji mənbələrinin sistemə təhlükəsiz inteqrasiyası əsas prioritetlərdəndir.
R.Hümbətova qeyd edib ki, regionlararası ötürmə imkanlarının məhdudluğu və bazarlara çıxışın olmaması da mühüm çağırışdır. Bu baxımdan Azərbaycan regional tərəfdaşlarla birlikdə yaşıl enerji dəhlizləri layihələrini irəli aparır və bunun enerji təhlükəsizliyini və ixrac imkanlarını gücləndirəcəyini vurğulayıb.
O, həmçinin insan kapitalı və ixtisaslı kadr çatışmazlığının enerji keçidinin sürətinə təsir etdiyini deyərək, beynəlxalq əməkdaşlığın yalnız maliyyə deyil, texnologiya transferi, təlim proqramları və innovasiya mərkəzlərinin yaradılması baxımından da vacib olduğunu diqqətə çatdırıb.
Çıxışında Azərbaycanın günəş, külək (xüsusilə dənizdə külək), hidrogen və geotermal enerji istiqamətlərində böyük potensiala malik olduğunu bildirən R.Hümbətova, mövcud neft-qaz təcrübəsinin yeni yaşıl enerji layihələrinə uğurla inteqrasiya oluna biləcəyini qeyd edib.
