Çinin "Datang" şirkəti Xəzər dənizində külək elektrik stansiyasının tikiləcəyi tarixi açıqlayıb

23 Oktyabr 2026, 23:14 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Foto: Wang Hao

Çinin "Datang" korporasiyası olaraq 2030-cu ilədək Xəzər dənizində külək elektrik stansiyası layihəsini həyata keçirməyi planlaşdırırıq.

Renewables.az xəbər verir ki, bunu "China Datang Overseas Investment Co., Ltd." şirkətinin Baş direktor müavini Wang Hao 22 oktyabrda Bakıda keçirilən “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” Forumu ilə bağlı fikirlərini bölüşərkən bildirib.

Onun sözlərinə görə, bu elektrik stansiyasında istehsal olunacaq yaşıl enerji birbaşa Yaşıl Enerji Dəhlizi vasitəsilə Avropaya ötürüləcək: "Hesab edirəm ki, bu, dünya miqyasında nəhəng enerji infrastrukturu layihələrindən biri olacaq. Biz bu mühüm layihənin uğurla reallaşdırılması üçün səylərimizi səfərbər etməyə çalışırıq".

2025-ci ilin aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Energetika Nazirliyi, “SOCAR Green” MMC, “China Datang Overseas Investment Co., Ltd.” və “PowerChina Resources Limited” arasında Xəzər dənizinin Azərbaycan sektorunda 2 GVt gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində investisiya imkanlarının qiymətləndirilməsi və müvafiq texniki-hüquqi dəstək mexanizmlərinin qurulması üzrə əməkdaşlıq ediləcək.

O qeyd edib ki, bu istiqamətdə Çin və Azərbaycan arasında çox böyük əməkdaşlıq imkanları mövcuddur: "Çin və Azərbaycan arasında əməkdaşlıq çərçivəsində ötən ilin iyun ayında Çinin ən böyük elektrik enerjisi istehsalçılarından biri olan "Datang" ilə Transxəzər-Qara dəniz Yaşıl Enerji Dəhlizi layihəsi üzrə əməkdaşlığa dair memorandum imzalanıb".

"Datang" rəsmisi son illərdə Azərbaycanda xarici investisiyalar üçün son dərəcə əlverişli və özünəməxsus şəraitin yaradıldının şahidi olduğunu qeyd edib: "Məhz buna görə də, bu yaxınlarda Azərbaycana investisiya yatırılması məqsədilə 25-ə yaxın Çin müəssisəsini cəlb etmişik.

2025-ci ilin iyunun 26-da Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə "China Datang Overseas Investment Co., Ltd." arasında yaşıl enerji dəhlizinin inkişafı üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycanın bərpa olunan enerji mənbələri hesabına yaradılan elektrik enerjisi istehsalı güclərinin elektrik şəbəkəsinə təhlükəsiz qoşulmasını təmin etmək və bu enerjinin etibarlı və sabit şəkildə ötürülməsini həyata keçirmək məqsədilə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, “China Datang Overseas Investment Co. Ltd” ilə şirkətin texniki imkanlarının və elektrik şəbəkəsinin inkişafı üzrə sistem tədqiqatlarının tətbiqi, eləcə də HVDC layihələrinin dizaynı, mühəndislik və tikinti idarəçiliyi sahəsində zəngin təcrübəyə malik Çin şirkətlərinin cəlb olunması üçün texniki və maliyyə dəstəyi sahəsində əməkdaşlıq ediləcək.

O, həmçinin sənaye parkının yaradılması istiqamətində Energetika Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq edildiyini açıqlayıb: "Bu sənaye parkı məhz gələcək Yaşıl Enerji Dəhlizi layihəsinin ehtiyacları üçün nəzərdə tutulub. Məqsədimiz Çin texnologiyalarını və müəssisələrini Azərbaycana cəlb etməklə yerli və istehsalın təşkilinə nail olmaqdır. Hesab edirəm ki, bu sənaye parkı layihənin həyata keçirilməsinə mühüm dəstək verəcək". 

Qeyd edək ki, 2025-ci ilin sentyabrında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi və "China Datang Overseas Investment Co." şirkəti arasında ölkədə "Yaşıl Enerji Sənaye Parkı"nın yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb.