Düşünürəm ki, şirkətimiz baxımından həm infrastrukturun inkişafı, həm də texniki və texnoloji həllər maraq doğurur.
Renewables.az xəbər verir ki, bunu "Orient Cable NBO UK" şirkətinin idarəedici direktoru Lai Wei 22 oktyabrda Bakıda keçirilən “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” Forumu ilə bağlı fikirlərini bölüşərkən bildirib.
"Orient Cable" şirkəti olaraq, bizi yaxından tanımayanlar üçün qeyd etmək istərdim ki, biz sualtı və yerüstü kabel sistemləri üzrə kompleks həllər təqdim edən şirkətik. Buna görə də, təbii olaraq, ilk növbədə, bu uzunməsafəli elektrik enerjisinin ötürülməsi layihəsi çərçivəsində ötürücü infrastrukturun qurulması və inkişafı bizim üçün xüsusi maraq kəsb edir. Eyni zamanda, bu layihənin ciddi texniki çətinliklərlə üzləşdiyini nəzərə alaraq, həmin çətinliklərin aradan qaldırılması üçün müvafiq texnoloji həllər təqdim etməkdə maraqlıyıq. Xüsusilə, iki ölkə arasında böyük dərinliklərdə sualtı kabellər vasitəsilə elektrik enerjisinin ötürülməsi üçün texnoloji həllərin təmin edilməsini nəzərdə tuturam. Əslində isə bizim üçün söhbət iki ölkədən daha çox, iki qitənin - Asiya və Avropanın birləşdirilməsindən gedir. Bu da layihəni bizim üçün daha cəlbedici edir", - Lai Wei fikirlərini bölüşüb.
Qeyd edək ki, “Orient Cable” (Ningbo Orient Wires & Cables Co., Ltd.) 1998-ci ildə Çinin Zhejiang əyalətinin Ningbo şəhərində yaradılıb. Şirkət sualtı və yerüstü kabel sistemlərinin tədqiqi, layihələndirilməsi, istehsalı, quraşdırılması və texniki xidmətlərin göstərilməsi üzrə ixtisaslaşıb. Dünyanın aparıcı sualtı kabel istehsalçılarından biri hesab olunan “Orient Cable” fəaliyyətini əsasən yerüstü kabel sistemləri, sualtı kabel sistemləri və dərin dəniz texnologiyaları istiqamətlərində qurub. Şirkətin məhsul və xidmətlərindən elektrik enerjisinin ötürülməsi, dəniz külək enerjisi, neft-qaz və telekommunikasiya layihələrində istifadə olunur. 2014-cü ildən Şanxay Fond Birjasında səhmləri ticarət edilən şirkətin 2025-ci ilin sonuna ümumi aktivləri 15,54 milyard yuan (təxminən 2,2 milyard ABŞ dolları) təşkil edib. Şirkətin məlumatına görə, indiyədək 15 min kilometrdən çox sualtı kabel təchiz edilib.