Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun onlayn formatda növbəti iclası keçirilib. İclasda Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Su Ehtiyatları Agentliyi, “Azərişıq” ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və özəl sektor nümayəndələri iştirak edib.
İşçi qrupun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev gündəlikdə duran məsələlərin ən optimal formada icrasının vacibliyini qeyd edib.
Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev Dünya Bankının “Business Ready” hesabatının 2025-ci il üzrə nəşrində “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı əldə edilmiş müsbət nəticələr barədə danışıb. Qeyd olunub ki, 101 ölkə arasında qiymətləndirilmə nəticəsində müvafiq indikator üzrə Azərbaycan 83.05 bal əldə edərək 25-ci yerdə, MDB ölkələri arasında isə Qazaxıstandan sonra kiçik fərqlə 2-ci yerdə qərarlaşıb.
İşçi qrupun rəhbərinin müavini, “Azərişıq” ASC-nin sədrinin birinci müavini Ramil Yusifov Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üçün Yol Xəritəsində cari ilin birinci rübü üzrə nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində görülmüş işləri diqqətə çatdırıb.
Sonda cari il üzrə qarşıya qoyulmuş bütün hədəflərə çatmaq üçün İşçi qrupda təmsil olunan dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi barədə müvafiq addımların atılması qərara alınıb.
