Energetika naziri: Moldova "Xəzər-Qara dəniz-Avropa" yaşıl enerji dəhlizi layihəsində iştiraka açıqdır

AZƏRBAYCAN
YAŞIL ENERJİ DƏHLİZİ

image

Moldova "Xəzər-Qara dəniz-Avropa" yaşıl enerji dəhlizi təşəbbüsünü sistemlərarası enerji bağlantılarının inkişafına, təmiz enerji mənbələrinin şaxələndirilməsinə və Avropanın elektrik enerjisi bazarları ilə daha sıx inteqrasiyaya töhfə verən strateji əhəmiyyətli regional layihə hesab edir.

Bunu Moldovanın energetika naziri Dorin Junqietu "Report"a müsahibəsində deyib.

"Hökumətin fikrincə, bu cür layihələr sistemin sabitliyinin artırılmasına, təchizatın etibarlılığının möhkəmləndirilməsinə və enerji sektorunun dekarbonizasiyasına kömək edə bilər. Moldova texniki-iqtisadi əsaslandırma (TİƏ) və bazar şərtlərindən asılı olaraq texniki və institusional iştirakın qiymətləndirilməsi üçün regional tərəfdaşlarla dialoqa açıqdır", - Dorin Junqietu bildirib.

Nazir həmçinin qeyd edib ki, ölkəsinin Energetika Nazirliyi bərpa olunan enerji güclərinin, o cümlədən saxlanc sistemli komponentli quruda külək layihələrinin tikintisi üçün rəqabət qabiliyyətli beynəlxalq tenderlər elan edib: "Prosedurlar müvafiq meyarlara cavab verən bütün investorlar, o cümlədən Azərbaycan şirkətləri üçün açıqdır. Seçim mexanizmi şəffaf və rəqabət prinsiplərinə əsaslanır, Avropanın tənzimləmə və satınalma standartlarına tam uyğundur".



OXŞAR XƏBƏRLƏR