“Energy Talks” layihəsi çərçivəsində MDU ilə birgə onlayn seminar keçirilib

21 Oktyabr 2026, 15:42 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Foto: Enerji Məsələlərini Tənzimləmə Agentliyi

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) “Energy Talks” (Enerji söhbətləri) layihəsi çərçivəsində Mingəçevir Dövlət Universiteti (MDU) ilə birgə onlayn seminar təşkil edilib.

Renewables.az-a bu barədə EMTA-dan məlumat verilib.

Tədbirdə EMTA-nın Aparat rəhbəri Səbuhi Qasımov, MDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova, eləcə də Agentliyin nümayəndələri, Universitetin professor-müəllim heyəti, magistr və bakalavr tələbələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən EMTA-nın Aparat rəhbəri Səbuhi Qasımov Agentliyin tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib. O, “Energy talks” layihəsi çərçivəsində ali təhsil ocaqları ilə, xüsusilə energetika sahəsi üzrə kadr hazırlığı aparan universitetlərlə həm onlayn, həm də əyani seminarların keçirildiyini bildirib.

Bölgə universitetləri ilə də görüşlərin keçirildiyini deyən S.Qasımov MDU ilə əməkdaşlıqda təşkil olunan seminarın da faydalı olacağına ümidvar olduğunu qeyd edib.

MDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova isə öz növbəsində layihə çərçivəsində növbəti seminarın MDU ilə birgə təşkilinə görə təşəkkürünü bildirib. O, təmsil etdiyi ali təhsil ocağı haqqında məlumat verib və energetika sahəsində mütəxəssis hazırlığının Universitetin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. N.Namazova universitetin ən böyük fakültələrindən biri olan “Mühəndislik” fakültəsinin tərkibində “Energetika” kafedrasının fəaliyyət göstərdiyini və bu baxımdan tələbələrin energetika sahəsində baş verən yeniliklər barədə məlumatlandırılmasında bu görüşün əhəmiyyətini vurğulayıb.

Seminar Agentliyin Dövlət proqramları və strateji inkişaf şöbəsinin aparıcı mütəxəssisi Vüsalə Lətifovanın “Energetika sahəsinin transformasiyası: hədəflər və innovativ həllər”, Enerji sahəsində liberallaşdırma şöbəsinin mütəxəssisi Mətin Şıxıyevin “Elektroenergetika sektorunun inkişafı: qarşıya qoyulmuş hədəflər” və

Enerji effektivliyi departamentinin Layihələrlə iş sektorunun baş mütəxəssisi Mehdi Abdullayevin “Enerji effektivliyi fondunun fəaliyyəti” mövzusunda təqdimatları ilə davam edib.

İnteraktiv formatda keçən seminarın sonunda geniş müzakirələr aparılıb və suallar cavablandırılıb.