Bərpa olunan enerji mənbələri (BOEM) sahəsində əməkdaşlıq Çin və Azərbaycan arasında praqmatik əməkdaşlığın mühüm istiqamətidir. Bunu "Report"a müsahibəsində Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib.
"İki ölkənin yaşıl inkişaf konsepsiyaları əhəmiyyətli dərəcədə üst-üstə düşür. Məhz Çin texnologiyaları və avadanlıqları Azərbaycanın yaşıl inkişafa nail olmasına imkan yaradır. Çin və Azərbaycan arasında BOEM sahəsində əməkdaşlıq səmərəli nəticələr verib. Çin kapitalının iştirakı ilə fəaliyyət göstərən müəssisələr fotovoltaik və külək enerjisi üzrə irimiqyaslı əməkdaşlıq layihələrinin həyata keçirilməsinə qoşulub və bir sıra mühüm nəticələr əldə edib. 2023-cü ilin oktyabrında Çin şirkəti tərəfindən Qobustanda inşa edilmiş 230 meqavat gücündə günəş elektrik stansiyası elektrik enerjisi istehsalı üçün Azərbaycanın enerji şəbəkəsinə uğurla qoşulub. Bu, Çinin Azərbaycanda BOEM sahəsində iştirak etdiyi ilk irimiqyaslı layihə idi. 2026-cı ilin yanvarında Çin şirkəti tərəfindən həyata keçirilmiş "Xızı-Abşeron" külək enerjisi layihəsinin istismara verilməsi mərasimində iştirak etdim. Bu, Cənubi Qafqaz regionunda ən böyük külək enerjisi layihəsidir. Stansiyanın 300 mindən çox ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcəyi və karbon qazı emissiyalarını 400 min ton azaldacağı, eləcə də Azərbaycanın və Cənubi Qafqaz regionunun davamlı inkişafına mühüm töhfə verəcəyi gözlənilir. Çin iki ölkənin enerji transformasiyasına və davamlı sosial-iqtisadi inkişafına, eləcə də ekoloji cəhətdən təmiz enerji sahəsində qlobal əməkdaşlığın irəli aparılmasına töhfə vermək üçün Azərbaycanla BOEM sahəsində əməkdaşlığın daha da genişləndiriləcəyinə ümid edir," - səfir bildirib.
